İstehlak üçün yararsız 1200 kiloqramdan çox ət məhsulları zərərsizləşdirilib
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi ilə birgə reyd keçirib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə keçirdikləri reyd zamanı Məmmədov Aqil Əvəz oğlu və sürücü Yusifov Nofər Novruz oğlu 1200 kiloqramdan çox mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərini və ət məhsullarını Bakıya satış üçün gətirməyə cəhd edərkən yanvarın 29-da Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda saxlanılıblar.
1news.az- ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən bildirib ki, “Ford Transit” markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşına baxış zamanı xeyli sayda heyvan cəmdəkləri, eləcə də onların ayrı-ayrı hissələri aşkarlanıb. Ət məhsullarının yük avtomaşınında antisanitariya vəziyyətində daşındığı müəyyənləşdirilib.
Heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair sürücünün adına yazılan baytarlıq şəhadətnaməsinin kim tərəfindən verildiyini müəyyənləşdirmək mümkün olmayıb. Cəmdəklərin üzərinə vurulan möhürün ətin müayinəsi zamanı qida üçün yararlığını təsdiqləyən klemaya (möhürə) heç bir uyğunluğunun olmadığı aşkarlanıb. Odur ki, müayinə üçün nümunələrin götürülməsi məqsədi ilə avtomaşın “Baytarlıq şəhərciyi”nə gətirilib, avtomobildəki ətdən və digər heyvan hissələrindən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına təqdim olunub. Laboratoriya ekspertizasına və biokimyəvi müayinələrə əsasən ət məhsullarının keyfiyyətsiz, baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyənləşdirilib və onların zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq fevralın 3-də heyvan cəmdəkləri və hissələri Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikanın şəhər və rayonlarında bu istiqamətdə reydlər mütəmadi davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, qida üçün yararsız və insan sağlamlığına təhlükə yaradan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.
1news.az