Murad Süleymanlı: “Heç tərəddüd etmədən Bakı Ali Neft Məktəbini seçdim”
Süleymanlı Murad Mətləb oğlu 31 mart 1998-ci ildə Bakı şəhərində anadan olub.
Bu haqda 1news.az-a Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən verilən xəbərə əsasən, o, 2004-cü ildə Bakı şəhəri 88 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub.
2014-cü ildən Murad Süleymanlı təhsilini Zəngilan rayonu 28 saylı tam orta məktəbdə davam etdirib. Oxuduğu müddət ərzində o, məktəbin ictimai işlərində öz fəallığı ilə seçilib və məktəb tərəfindən dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunub. 2013-cü ildə məktəblilərin fənn olimpiadasında “Kimya” fənni üzrə Xətai rayonu və Bakı şəhəri üzrə 1-ci yerə, Respublika üzrə isə 3-cü yerə layiq görülüb və fəxri fərmanlarla təltif olunub. 2015-ci ildə məktəbi “əla” qiymətlərlə bitirdikdən sonra TQDK-nın keçirdiyi qəbul imtahanında 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yadda qalıb?
- Qəbul imtahanı çox rahat keçmişdi. Yaradılan şərait tam şəkildə normal idi. Digər abituriyentlərdən fərqli olaraq imtahandan öncə həyəcan hissi keçirməmişdim, məndə bu həyəcanın yerini böyük məsuliyyət hissi tuturdu. İmtahandan əvvəlki son üç gün sanki üç il kimi gəlib keçmişdi, artıq imtahandan keçib mənim üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək istəyirdim. İmtahandan sonra çox xoşbəxt idim, çünki hər şey ürəyimcə olmuşdu, bütün sualları cavablandırmışdım.
“Abituriyent” verilişində cavablarımı yoxlayıb 690 bal hesablamışdım və cavablar elan olunduqda bunu bir daha gördüm. Prezident təqaüdçüsü olduğumu öyrəndikdən sonra sevincim daha da artdı. Valideynlərimin və özümün çəkdiyim əziyyətin hədər getmədiyini görmək məni və ailəmi çox sevindirdi.
- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına özün və yaxın ətrafın inanırdımı?
- Sınaq imtahanlarında əldə etdiyim nəticələr qəbul imtahanında topladığım baldan həmişə aşağı olub və son sınaq imtahanında nəticəm 649 bal olmuşdu. Amma buna baxmayaraq, ailəm və bütün müəllimlərim məndən maksimum nəticə - 700 bal gözləyirdilər.
- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?
- Məncə, qəbul imtahanında 600 baldan yüksək nəticə əldə etmək üçün son iki il kifayət deyil. Yüksək nəticə göstərmək istəyən abituriyentlər aşağı siniflərdən başlayaraq sistemli şəkildə oxumalıdırlar. Bunun üçün hər bir fənn üzrə keçilən materialları dərindən mənimsəmək və öyrəndiklərini testlər üzərində tətbiq etməlidirlər. Əgər abituriyent bu əziyyətlərə qatlaşarsa, sonda öz əziyyətinin bəhrəsini görəcək.
- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə qarşına hansı məqsədləri qoydun?
- BANM-ni Azərbaycanın digər ali təhsil müəssisələrindən fərqləndirən çoxsaylı xüsusiyyətləri məndə əvvəlcədən bu ali təhsil ocağına qarşı böyük maraq hissi yaratmışdı. Dərs proqramlarının xaricdəki nüfuzlu ali təhsil ocaqlarındakı proqramlarla paralel olaraq aparılması, ingilis dilli təhsil və bu kimi digər göstəricilərə malik olduğuna görə universitet seçimində heç tərəddüd etmədən çoxdankı arzum olan Bakı Ali Neft Məktəbini seçdim.
Bunu da qeyd etməliyəm ki, burada təhsil alan tələbələrin ictimai həyatına da böyük önəm verilir. Hər ay teatr tamaşalarına, muzeylərə səfərlərin təşkilini misal göstərə bilərəm. Seçdiyim ixtisasa gəlincə isə, neft-qaz mühəndisliyi çoxşaxəli, geniş bir sahə olduğuna görə və ən əsası, özümü gələcəkdə məhz bu sahədə gördüyümə görə bu ixtisası seçdim.
- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Buradakı təhsili necə dəyərləndirirsən?
- Gələcək təhsilini BANM-də davam etdirmək fikrində olan abituriyentlərin doğru yolda olduqlarını düşünürəm. Onlara elə indidən ingilis dili biliklərini təkmilləşdirməyi məsləhət görürəm və bacardıqları qədər bütün sahələrdən az da olsa, minimal informasiya əldə etməklərini məsləhət görürəm.
- Özünü gələcəkdə harada görürsən?
- Özümü gələcəkdə neft sektorunda tanınmış, bilikli və bacarıqlı bir mütəxəssis kimi görmək və xalqıma, millətimə xidmət etmək istəyirəm.
- Boş vaxtlarında nə ilə məşğul olursan? Hansı əlavə məşğuliyyətlərin var?
- Abituriyent zamanından bəri uzun müddət texniki fənlərə üstünlük verməyimə baxmayaraq, humanitar fənlərə və ədəbiyyata böyük marağım var. Azərbaycanın tarixi ilə, tarixi şəxsiyyətləri ilə maraqlanıram. Boş vaxtlarımda ingilis və Azərbaycan dilində bədii kitablar oxumağa üstünlük verirəm. Yay aylarında üzgüçülük və basketbolla məşğul oluram.
1news.az