Baş Prokurorluq: Azərbaycanda qəsdən adam öldürmə hallarının sayı azalıb
Azərbyacanda 2015-ci ildə 203 qəsdən adam öldürmə hadisəsi qeydə alınıb.
Bu haqda baş prokuror Zakir Qaralov cümə günü prokurorluq orqanları ilə keçirilən geniş kollegiya iclası zamanı bəyan edib.
Bildirilib ki, Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ildə qeydə alınmış 203 qəsdən adam öldürmə cinayətlərindən 194 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 71 hadisənin isti izlərlə açılması təmin olunmuşdur. Həmin cinayətlərin açılması 95,5 % təşkil edib.
Bununla yanaşı Z.Qaralovun sözlərinə görə, 2014-cü illə müqayisədə hesabat dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin ümumi sayı 16 hadisə və açılmamış bu xarakterli cinayətlərin sayı isə 3 hadisə azalıb.
Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin və rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının aidiyyəti hüquq mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat dövründə ötən illərdə baş verməklə bağlı qalmış bir sıra qəsdən adam öldürmə cinayətlərinin açılması təmin olunmuş, habelə itkin düşmüş şəxslər kimi axtarışda olan bir neçə nəfərin qəsdən öldürülmələri müəyyən edilib.
Azərbaycan Respublikası Hərbi prokurorluğu orqanları tərəfindən Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Baş prokuror bildirib ki, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli olmuş, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,6%-i açılıb.
1news.az