Rabitə və Yüksək Texnologiyalar Nazirliyində maliyyə yoxlamalarına başlanılıb
Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) mütəxəssisləri tərəfindən Baş Prokurorluğun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən 29 təşkilatda həmin məktub və qərarlarda qeyd olunan suallar yoxlanılıb və cəmi 625,24 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Prokurorluğa göndərilib.
Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bununla yanaşı, əvvəlki dövrlərdə DMNX tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 1 483,53 min manatının, o cümlədən əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılmış yoxlamalarla mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilmiş obyektlər üzrə aparılan istintaq tədbirləri zamanı 1 414,45 min manatın dövlət büdcəsinə bərpası təmin edilib.
Ötən il aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları"na uyğun olaraq müvafiq protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 204.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 931 vəzifəli şəxsə 576 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Aparılan yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib, Ağstafa və Ağcabədi rayonları üzrə maliyyə idarələrinin rəisləri işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırılıb.
Hesabat dövründə DMNX-nin əməkdaşları tərəfindən dövlət büdcəsindən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin layihələndirilməsi və tikilməsi üçün Nəqliyyat Nazirliyinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.
Həmçinin, Baş Prokurorluğun məktublarına və məhkəmə qərarlarına əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin, Məlumat Hesablama Mərkəzinin, “Aztelekom”, “Azintelekom” və “Azərpoçt” MMC-lərin və onların tabeliyində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması, habelə onlarla maliyyə təsərrüfat əlaqəsində olmuş təşkilatlarla qarşılıqlı üzləşmələrin aparılması və “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi mövzusu üzrə nəzarət tədbirlərinə başlanılıb.