Bələdiyyələrin vətəndaşlarla daha sıx təmasda olmaları vacibdir - FOTO
Azərbaycan bələdiyyələrinin 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrespublika konfransı keçirilib.
Fevralın 6-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan bələdiyyələrinin 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrespublika konfransı keçirilib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin regional məsələlər komitəsinin sədri və üzvləri, Prezident Administrasiyasının rəsmiləri, habelə şəhər, qəsəbə və kənd bələdiyyə sədrləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xırdalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək bildirib ki, yerli özünüidarəetmə hüququ dövlət və cəmiyyət həyatında mühüm yer tutur. Yerli özünüidarəetmə institutu əhalinin sosial-iqtisadi, ekoloji və digər problemlərinin operativ və səmərəli həllində fəal iştirak edir.
İradə Gülməmmədova Abşeron rayonunun inkişafında bələdiyyələrin səmərəli fəaliyyət göstərdiyini qeyd edərək konfransın işinə uğurlar arzulayıb.
Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə 2015-ci ilin yekunlarına dair hesabatla çıxış edib, bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıb. O, bələdiyyələrin sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsində göstərdikləri fəallığı, bir çox layihələr əsasında yerli əhəmiyyətli yolların saxlanılmasını, abadlıq-quruculuq işlərinin təşkilini, məişət tullantılarının yığılması və daşınmasını, eyni zamanda, bir sıra bələdiyyələr üçün yeni inzibati binaların tikilməsini müsbət hal kimi qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyevin bələdiyyələrin cəmiyyətdəki roluna böyük önəm verdiyini diqqətə çatdıran M.Səlimzadə, eyni zamanda, onların fəaliyyətində qanun pozuntularının da müşahidə olunduğunu bildirib. Ötən il Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin maarifləndirilməsi və inzibati nəzarət işini gücləndirib, korrupsiya və digər hüquqpozmalarına qarşı mübarizəni artırıb. İnzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarının işinin yaxşılaşdırılması, regional ədliyyə şöbələrinə və bələdiyyələrə metodiki kömək gücləndirilməsi, bu sahədə çalışan kadrların bilik səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib.
M.Səlimzadə bəzi bələdiyyələrin fəaliyyətinin qənaətbəxş olmadığını, iqtisadi göstəricilərinin ötən illə müqayisədə azaldığını bildirərək, maliyyə mənbələrindən tam istifadə edilməsinin, büdcə xərclərinə qənaət olunmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, bələdiyyələr vətəndaşlara qayğı və hörmətlə yanaşmalı, əhali ilə əlaqəli fəaliyyət göstərməli, onlara mütəmadi hesabat verməlidirlər. Bələdiyyələrin vətəndaşlarla sıx təmasda olmaları çox vacibdir. Çünki dünyada baş verən məlum hadisələrlə əlaqədar bəzi təxribatçı və təhrikçi qüvvələr yerlərdə insanları çaşdırmağa cəhd göstərirlər. Bu cür halların qarşısının alınmasında bələdiyyələrin də üzərinə mühüm vəzifələr düşür.
M.Səlimzadə bələdiyyələrin fəaliyyətində yol verilən konkret nöqsanlara da toxunaraq onların aradan qaldırılması yolları, yerli özünüidarəetmə orqanlarında işin təşkili ilə bağlı qarşıda duran ümdə vəzifələr barədə məlumat verib.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxışında bələdiyyə haqqında qanunvericiliyə edilən dəyişikliklərin yerli özünüidarəetmə orqanlarının inkişafında müsbət rolundan danışıb. Eyni zamanda, konfrans iştirakçılarını növbəti mərhələ üçün qəbul olunacaq yeni qanun layihələri barədə məlumatlandırıb, bələdiyyə-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinin vacibliyini bildirib.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov ötən dövrdə yerli özünüidarəetmə orqanları institutunun inkişafından, qazanılan nailiyyətlərdən, Milli Assosiasiyalar vasitəsilə həyata keçirilən çoxsaylı layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib.
Sonra çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin inzibati nəzarət idarəsinin baş məsləhətçisi Hafiz Əliyev bələdiyyə sədrlərinə yeni qanunvericiliklə bağlı dəyişikliklər barədə məlumat verib.
Konfransda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşı Mehdi Abdullayev qurumun bələdiyyələrlə birgə həyata keçirdiyi layihələr barədə təqdimat keçirib.
Bələdiyyə sədrləri çıxış edərək müzakirə olunan məsələlərin aktuallığını vurğulayıb, qarşıda duran vəzifələrin icrasının zəruriliyini, nöqsanların aradan qaldırılması istiqamətində səylərini artıracaqlarını bildiriblər.
Sonda ümumrespublika konfransının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.