Akademik Ramiz Məmmədov Bakı şəhər 160 saylı klassik gimnaziyada çoğrafiya dərsini tədris edib - FOTO
Fevralın 9-da Respublika Təhsil Nazirliyinin “Elmdən təhsilə” adlı məqsədli proqramına uyğun olaraq AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Bakı şəhər 160 saylı klassik gimnaziyada 9-10-cu sinif şagirdləri üçün yüksək səviyyədə dərs tədris edib.
1news.az xəbər verir ki, Respublika Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə adı çəkilən təşkilatların, kütləvi informasiya vasitələrinin nümayəndələri, Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, gimnaziyanın direktoru Faina Ələkbərova və coğrafiya müəllimləri iştirak ediblər.
“Coğrafiya – müşahidədən fundamental elmə və tətbiqə” mövzusunda geniş məruzə ilə çıxış edən akademik Ramiz Məmmədov coğrafiya elminin əhəmiyyətindən, cəmiyyətdəki rolundan, müasir dövrdə tutduğu mövqeyindən, eləcə də onun tədqiqat obyektləri, istiqamətləri, funksiyaları və s. haqqında iştirakçılara dolğun məlumat verib. Ömrünün böyük hissəsini Xəzərin tədqiqinə həsr edən alim məruzəsində “İqlim dəyişkənlikləri fonunda Xəzər dənizinin problemləri” mövzusuna da xüsusi yer ayırıb. O həmçinin bir sıra qlobal xəritələrin müəllifi, AMEA-nın müxbir üzvü Elbrus Əlizadənin fəaliyyətini də xüsusi qeyd edib.
Məruzəni böyük maraqla dinləyən şagirdlər akademikə Xəzərin çirklənməsi, səviyyəsinin dəyişkənliyi, daşqınların Azərbaycan iqtisadiyyatına vurduğu ziyanlar, neftçıxarmanın seysmoloji vəziyyətə təsiri və s. haqqında ardı-arası kəsilməyən suallar veriblər. Şagirdləri məmnunluqla dinləyən akademik dolğun, qənaətbəxş cavabları ilə onları razı salıb.
Tədbirin sonunda R. Məmmədov müəllifi olduğu “Xəzər dənizinin hidrometeoroloji atlası”nı və “Azərbaycan Respublikasının Coğrafiyası” adlı üçcildlik monoqrafiyanı gimnaziyanın coğrafiya kabinetinə bağışlayıb və gəncləri hər həftə institutda keçirilən elmi seminarlarda iştirak etməyə dəvət edib. Elbrus Əlizadə şagirdlərin Coğrafiya İnstitutunda eyni zamanda Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti ilə də tanış olmaq imkanı əldə edəcəklərini diqqətə çatdırıb.
160 saylı klassik gimnaziyanın direktoru Faina Ələkbərova şagirdlərdə coğrafiya elminə həvəsin daha da artmasına nail olan Ramiz Məmmədova maraqlı görüş üçün təşəkkürünü bildirib.
1news.az