Azay Quliyev: “Yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılmasının müvafiq orqana həvalə olunmasını təklif edirik”
Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanuna və İctimai şuraların fəaliyyəti haqqında Əsasnaməyə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şuraların mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nəzarətindən çıxarılması təklif olunur.
1news.az-ın APA-ya istinadən məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iclasında ictimai müzakirəyə çıxarılan “İctimai nəzarət haqqında” qanun layihəsində əksini tapıb.
Şura tərəfindən hazırlanan qanun layihəsinə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuraların fəaliyyəti müvafiq orqan tərəfindən əlaqələndiriləcək. Müvafiq orqanın səlahiyyətlərinə Azərbaycanda ictimai nəzarətin həyata keçirilməsində ictimai nəzarət subyektinə metodoloji, təşkilati və texniki dəstək, eyni zamanda ictimai şuralar tərəfindən aparılan ictimai nəzarətin icrasının monitorinqi daxildir. Mərkəzi icra hakimiyyəti orqanlarının İctimai Şura yaratmaqdan yayınmasının da qarşısı alınacaq. Qanun layihəsinə əsasən ictimai nəzarətin həyata keçiriləcəyi mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı müvafiq fərmanla təsdiq ediləcək.
Şuranın sədri Azay Quliyev deyib ki, mərkəzi və yerli icra hakimiyyətləri yanında ictimai şuraların mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən yaradılmamasını istəyirlər. O bildirib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların müvafiq orqan tərəfindən yaradılmasını və fəaliyyətinin də müvafiq orqan tərəfindən əlaqələndirilməsini təklif edirlər: “Bu gün bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai Şura yaradılıb, bəzilərində yaradılmayıb. Bəzən də bir gündə hansısa mərkəzi və yerli icra hakimiyyəti orqanı formal olaraq İctimai Şura yaradıldığını elan edir. Biz subyektivliyi, formallığı aradan qaldırmaq istəyirik. Ona görə də mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılması və fəaliyyətinin əlaqələndirilməsinin müvafiq orqana həvalə olunmasını təklif edirik”.
Millət vəkili Fəzail Ağamalı isə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılması və fəaliyyətinin əlaqələndirilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə olunmasının qanunda əksini tapmasını istəyib. F. Ağamalı Şuranın bu sahədə fəaliyyəti ilə əlaqədar Azərbaycan prezidenti ilə bərabər, Milli Məclisə də hesabat verməsini zəruri sayıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüsyenli qanun layihəsinin komitədə, Milli Məclisdə birinci, ikinci və üçüncü oxunuşda müzakirəsi zamanı təkliflərin nəzərə alınacağını söyləyib.
1news.az