“Təmiz Şəhər” ASC-yə beynəlxalq sertifikatlar verilib - FOTO
“Təmiz Şəhər” ASC-yə 2 müxtəlif meyarda idarəetmə sistemlərinin beynəlxalq standartlara cavab verdiyinə görə ISO 14001 və OHSAS 18001 sertifikatları təqdim olunub. Müəssisə TÜV (Texniki Nəzarət Təşkilatı) Avstriya şirkəti tərəfindən bu sertifikatlara layiq görülüb.
Bu haqda 1news.az-a ASC-nin mətbuat xidmətindən məlumat verilib.
ISO 14001 sertifikatı “Ətraf Mühiti İdarəetmə Sistemi”nin beynəlxalq tələblərə uyğunluğunu göstərir. OHSAS 18001 isə “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi”nin ən yüksək standartlara cavab verməsi deməkdir. “Təmiz Şəhər” ASC-nin bu sertifikatları alması qurumda ətraf mühitə və öz işçilərinə göstəridiyi diqqətdən xəbər verir.
TÜV Avstriya şirkətinin Azərbaycan təmsilçiliyi ASC-də standartlara uyğun qurulmuş inteqrasiya edilmiş idarəetmə sisteminin adekvatlığının qiymətləndirilməsi və uyğunluğunun yoxlanılması üzrə auditlər aparıb. Həmin auditlərin nəticəsi müsbət qiymətləndirilib və bununla əlaqədar olaraq “Təmiz Şəhər”ə qeyd olunan sertifikatların verilməsi barədə qərar qəbul olunub.
Cəmiyyət 2013-cü ildə isə “Bərk məişət tullantılarının idarə edilməsi fəaliyyəti üzrə” ISO 9001 sertifikatını alıb. Bu göstərici isə müəssisənin məhsul və xidmətlərinin keyfiyyət standartlarına cavab verdiyini bildirir.