Azərbaycanda neft və qaz hasilatı azalıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar ayında 2,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 3,1 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə sənaye məhsulunun 62,2 faizi mədənçıxarma sektorunda, 28,8 faizi emal sektorunda, 8,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda məhsul istehsalı 3,5 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 10,5 faiz, neft hasilatı isə 3,9 faiz azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 2,1 faiz, tütün məmulatlarının istehsalı 38,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,8 faiz, poliqrafiya məhsullarının istehsalı 0,4 faiz, metallurgiya məhsullarının istehsalı 6,9 faiz, hazır metal məhsullarının istehsalı 2,1 dəfə, kompyuter, elektron və optik məhsulların istehsalı 5,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,4 dəfə, mebel istehsalı 68,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,2 dəfə artıb, kimya sənayesi məhsullarının istehsalı 21,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 40,6 faiz, tikinti materiallarının istehsalı 53,6 faiz, geyim istehsalı 41,3 faiz, içkilərin istehsalı isə 11,4 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,7 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7 faiz artıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 0,3 faiz artmış, neft sektorunda isə 3,5 faiz azalıb.
1news.az