AZAL-ın reyslərində Xocalı soyqırımına dair videoçarx yayımlanacaq – VİDEO
Xocalı soyqırımının 24-cü ildönümündə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus aviareyslərdə Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdiriləcək.
Qurumun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aksiya “Trend” Beynəlxalq İnformasiya Agentliyi ilə “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə layihəsi əsasında həyata keçiriləcək.
Videoçarx ingilis dilində “Azərbaycan Hava Yolları”na məxsus “overhead” tipli monitorlarla (başüstü monitorlar oturacaqların üzərində yerləşir) təchiz olunan bütün təyyarələrin uçuşları zamanı nümayiş etdiriləcək.
“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Emil Hüseynli açıqlamasında bildirib ki, belə bir aksiyanın məqsədi “Azərbaycan Hava Yolları”na məxsus təyyarələrdən istifadə edən əcnəbi vətəndaşları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdır.
O “Azərbaycan Hava Yolları”nın rəhbərliyinə layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
1news.az