Pedro Aqramunt: “Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarının işğaldan azad olunması məsələsi həll edilməlidir” | 1news.az | Xəbərlər
Siyasət

Pedro Aqramunt: “Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarının işğaldan azad olunması məsələsi həll edilməlidir”

19:33 - 26 / 02 / 2016
Pedro Aqramunt: “Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarının işğaldan azad olunması məsələsi həll edilməlidir”

1news.az Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntun APA-nın Avropa bürosuna verdiyi müsahibəsini təqdim edir:

- Cənab Aqramunt, sədrlik mandatınız ərzində bu quruma hansı əsas ideyalar və fikirlərlə rəhbərlik etmək fikrindəsiniz?

- Təşkilata sədrliyimi dörd əsas istiqamətdə aparmaq niyyətindəyəm. Bunlardan birincisi, beynəlxalq səviyyədə terrorizmlə mübarizədir. Bu məsələ indi bütün Avropanı, o cümlədən bütün dünyanı narahat edən əsas məsələlərdəndir. Son vaxtlar Avropa ölkələri terror hücumlarına məruz qalır, xüsusən də bunlar radikal islamçılar tərəfindən həyata keçirilir. Eyni zamanda, bu məsələdə Avropaya kütləvi miqrant, qaçqın axınını da unutmamalıyıq. Çünki onların çoxu terrorçu qrup olan İŞİD-in fəaliyyət göstərdiyi bölgələrdən gəlir. Beynəlxalq terrorizm yenə də bizi narahat edən əsas məsələlərdən biri olaraq qalmaqdadır. İkinci məsələ, Avropada insanların qorxmadan, sülh və əmin-amanlıq şəraitində yaşaya bilmələri hüququdur. Yəni, biz var gücümüzlə çalışmalıyıq ki, insanlarımız kütləvi toplaşma yerlərinə, misal üçün, kafelərə, idman yarışlarına həyatlarına heç bir təhlükə olmadan, qorxmadan rahat şəkildə gedə bilsinlər.

Biz bu məsələ ilə bağlı da mübarizə aparmalıyıq. Üçüncüsü, son zamanlar Avropa ölkələrində baş qaldırmış populist siyasi qüvvələr bizi narahat edən məsələlərdəndir. Mən konkret olaraq hansısa bir ölkənin adını çəkməyəcəyəm, amma bir çox Avropa ölkələrində istər ifrat sağ, istər ifrat sol qüvvələr olsun, Avropa dəyərlərinə qarşı çıxan siyasi partiyalar mövcuddur. Biz bu məsələyə də xüsusi diqqət ayırmalı, Avropa qurucularının ideyalarına sadiq qalaraq, bu həmrəylik, demokratik, hüquqi dövlət, insan hüquqları Avropası ideyalarını daha da gücləndirməliyik. Bu məsələ ilə bağlı çoxlu işləməliyik. Dördüncü məsələ isə Avropa Şurası (AŞ) ölkələrində hələ də öz həllini tapmamış münaqişələrin mövcudluğudur.

- Yeri gəlmişkən, elə bu haqda sual vermək istərdik. Dediyiniz kimi, bəzi üzv ölkələr arasında münaqişələr mövcuddur, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfində işğal edilməsi faktını nəzərinizə çatdırmaq istərdik. AŞPA bu münaqişələrin həll edilməsi üçün hansı töhfələr verə bilər?

- Əlbəttə, bu münaqişələr hökmən tez bir zamanda öz həllini tapmalıdır. Belə ki, demokratiya, insan hüquqları kimi dəyərləri olan Avropada hələ də münaqişələr mövcuddur. Düzdür, biz bunları “dondurulmuş” münaqişələr adlandırırıq, amma onlar dondurulmuş deyil. Biz indi daha çox Ukraynadakı münaqişədən, Krım məsələsindən danışırıq, amma bununla yanaşı, Gürcüstanın Cənubi Osetiya, Abxaziya münaqişələri, Moldovada Dnestryanı bölgədəki münaqişə, Balkan bölgəsindəki münaqişə, eyni zamanda, sizin ölkənizin iyirmi ildən çoxdur ki, qonşu dövlət olan Ermənistan tərəfindən qeyri-qanuni şəkildə və beynəlxalq hüquq normalarına zidd olaraq Dağlıq Qarabağın və bu bölgəyə aid olmayan digər yeddi ətraf rayonunun işğal edilməsi məsələsi də var.

Bu məsələ tamamilə dondurulub və bunun həlli istiqamətində irəliyə doğru addım atılmır. Məsələyə beynəlxalq təşkilatlar cəlb olunsa da, bu münaqişənin həlli istiqamətində hər hansı irəliləyişin olmadığı təəssüratı yaranır. Hesab edirəm ki, bütün bu münaqişələr, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarının işğal edilməsi məsələsi həll edilməlidir.

- Siz Azərbaycan üzrə əsas həmməruzəçilərdən biri olmusunuz, ölkə üzrə bir çox hesabatların müəllifisiniz. Yəni ölkəni kifayət qədər yaxşı tanıyırsınız. AŞPA ilə Azərbaycan arasındakı hazırkı münasibətləri necə qiymətləndirirsiniz? Münasibətlərin səviyyəsi sizi qane edirmi və nə kimi gözləntiləriniz var?

- Əlbəttə, mən Azərbaycanla bağlı uzun illər fəaliyyət apardığımdan bu ölkəni yaxşı tanıyıram. Beş il müddət ərzində Azərbaycan üzrə məruzəçi olmuşam, bu da AŞPA-da maksimum mümkün olan müddətdir. Düzdür, fəaliyyətim dövründə başqa ölkələr üzrə də məruzəçi olmuşam, bir çox hesabatlar hazırlamışam. Azərbaycanla bağlı fəaliyyətim isə təkcə məruzəçi olmağımla kifayətlənməyib. Bu ölkə ilə bağlı digər məsələlər üzrə də fəaliyyət göstərmişəm, məsələn, seçkilərdə müşahidə missiyalarında iştirak etmişəm.

Hesab edirəm ki, AŞPA ilə, AŞ ilə Azərbaycan arasındakı münasibətlər çox yaxşı inkişaf edir. Fikrimcə AŞ və AŞPA-nın əsas rolu ölkələrə demokratiya, insan hüquqları sahəsində yardım etməkdir, Avropa, Qərb dövlətləri nümunəsində onlara tam demokratik cəmiyyətin qurulmasında yardımçı olmaqdır. Təbii ki, hazırda vəziyyət o qədər də yaxşı deyil və illər əvvəl, biz əməkdaşlığımıza başlayanda, vəziyyət daha da mürəkkəb idi. Və əlbəttə ki, Qərbi Avropa ölkələri demokratiyası ilə müqayisə etmək hələlik çətindir. Amma elə buna görə də onlara yardım etmək lazımdır. Bu mənada, siyasi iradə, anlaşma nümayiş etdirməliyik, ölkələr də öz növbələrində AŞPA və AŞ-nin digər qurumları ilə əməkdaşlıqlarını davam etdirməlidir. Mən ilk dəfə Azərbaycanda olanda vəziyyət tam başqa idi. İndi isə çox böyük dəyişikliklər var. Əlbəttə ki, bu dəyişikliklər ilk növbədə iqtisadi sahədə özünü göstərdi. İnsanların get-gedə daha da yaxşı yaşaması, cəmiyyətdə orta təbəqənin inkişaf etməsini qeyd etmək olar. Eyni zamanda, cəmiyyətdə demokratik sistemin inkişafında da müsbət dəyişikliklər baş verdi. Əlbəttə, hələ ortada problemlər var. Yaxşılaşdırılması lazım olan məsələlər hələ də qalmaqdadır və bunları ciddi qəbul etmək lazımdır.

Bununla belə, irəliləyişlər də var. Məsələn, mən bir çox seçkilərdə iştirak etmişəm və deyə bilərəm ki, bu məsələdə də müsbət istiqamətdə dəyişikliklər var. Başa düşürəm ki, ölkə yeni müstəqil olanda problemlər daha çox idi, fikirlərdə elə də dəyişiklik yox idi, köhnə sovet təfəkkürü hələ beyinlərdən çıxmamışdı və s. İndi isə mən ölkənin tam demokratik, hüquqi dövlət olması üçün indiki ölkə başçısının bu sahələri daha da inkişaf etdirmək istəyində olduğuna və bunu gerçəkləşdirməkdə aydın siyasi iradəsinin mövcudluğuna tamamilə əminəm.

- Bu bazar günü sizin AŞPA sədri qismində Azərbaycana səfəriniz gözlənilir və artıq fevralın 29-da Bakıda görüşləriniz nəzərdə tutulub. Səfəriniz məqsədi nədən ibarətdir, əsasən kimlərlə görüşməyi planlaşdırırsınız və Bakıda daha çox hansı mövzuları müzakirə etmək niyyətindəsiniz?

- Bəli, mən bazar günü axşam artıq Bakıda olmalıyam və birinci gün görüşlərə başlayacağam. Düzdür, Azərbaycanda çox qala bilməyəcəyəm, cəmi iki günlük səfərdir. Çünki dərhal sonra bizim Parisdə Büromuzun və Daimi Komitəmizin toplantıları olacaq, orada iştirak etməliyəm. Səfər ərzində mən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Milli Məclisin sədri, xarici işlər naziri, vətəndaş cəmiyyətinin təmsilçiləri, vəkillərlə görüşlər keçirməyi nəzərdə tuturam. Eyni zamanda, ən əsas və çox vacib olan görüşüm ölkə prezidenti İlham Əliyevlə olacaq.

Dediyim kimi, ölkədə son vaxtlar demokratiya sahəsində müsbət dəyişikliklərin olduğunu qeyd etmişdim və prezidentlə görüşümdə ondan xahiş edəcəyəm ki, bu sahədə daha çox irəliləyiş əldə edilsin və AŞ-nin üzvü olan Azərbaycan bu təşkilatın standartlarına daha da yaxınlaşsın. Mən bu məsələdə çox optimistəm və ümid edirəm ki, Azərbaycan hökuməti, əsasən də ölkə başçısı bizim fikirlərimizi qəbul edəcək və hər zamankı kimi, AŞ ilə, o cümlədən təşkilatın AŞPA, Venesiya Komissiyası, baş katibliyi və s. kimi digər qurumları ilə əməkdaşlığı və müzakirələri davam etdirəcəklər.

Bundan başqa, daha bir vacib məsələ odur ki, bu səfərim ərzində həbsdə olan İlqar Məmmədovla görüşməliyəm. Bu, artıq təsdiq olunub və ümid edirəm ki, heç bir problem çıxmaz. Bildiyiniz kimi, bu, çox həssas bir məsələdir. Avropa İnsan Haqları Məhkəməsinin bununla bağlı qərarı da var. Ona görə də bu məsələ bizim üçün vacibdir.

- Bildiyiniz kimi, AŞPA-nın yanvar ayında keçirilmiş qış sessiyasında Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı iki qətnamə müzakirəyə çıxarılmışdı, onlardan biri qəbul olunsa da, digəri qəbul olunmadı. Hərçənd, hər iki sənəddə Azərbaycan ərazilərinin işğal edilməsi faktı əksini tapmışdı. Buna münasibətiniz necədir?

- Mən bu barədə hansısa şərh verə bilmərəm. Mən AŞPA-nın sədriyəm və assambleyadakı sənədlərin qəbul olunub-olunmaması səsverməsi nəticəsində müəyyənləşir. Assambleya müstəqil qurumdur və səsvermə nəticəsində elə olur ki, bəzi sənədlər keçir, bəziləri keçmir. Və təbii ki, biz hamımız bunu qəbul etməliyik.

- Amma bu müzakirələrdən öncə ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış edərək assambleyanı Robert Volterin hesabatını qəbul etməməyə çağırmışdı. Necə düşünürsünüz, AŞPA kimi müstəqil bir quruma hansısa digər təşkilatın təsir göstərməsi nə dərəcədə düzgündür?

- Bilirsiniz, AŞPA tamamilə müstəqil bir Avropa təsisatıdır. Avropanın ilk və ən qədim təşkilatı olan AŞ və onun assambleyası yarandığı illərdən bu yana Avropada demokratiyanın, insan hüquqlarının inkişafı üçün olduqca böyük işlər görüb. Və biz başqalarının təzyiqini heç cür qəbul edə bilmərik, o cümlədən başqa beynəlxalq təşkilatların da... Fikrimcə, assambleyanın da heç vaxt başqalarının təzyiqini qəbul etməsi mümkün deyil. Heç kim bizə deyə bilməz ki, nəyi necə etməliyik. Bu və ya digər qərarları yalnız və yalnız müstəqil assambleyamız verə bilər.

- Assambleya daxilində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi bir alt komitə fəaliyyət göstərirdi. Lakin sonradan fəaliyyəti dayandırıldı. Sizdən öncəki sədrlər Mövlud Çavuşoğlu və Jan-Klod Minyon AŞPA-da iki ölkə nümayəndə heyətləri arasında mütəmadi görüşlər təşkil etməyə çalışırdılar. Sədrliyiniz dövründə alt komitənin bərpa edilməsi məsələsinə necə baxırsınız və yenidən iki ölkə nümayəndələri arasında görüşlər keçirməyi nəzərdə tutursunuzmu?

- Vacib deyil ki, bu görüşlər hansısa bir komitə çərçivəsində həyata keçirilsin. Amma seçildikdən sonrakı ilk çıxışımda da qeyd etmişəm ki, məni narahat edən əsas məsələlərdən biri Avropa ölkələrində hələ də mövcud olan həll edilməmiş münaqişələrdir. Mən burada Dağlıq Qarabağ münaqişəsini xüsusi olaraq vurğulamışam. Bu, ən vacib məsələlərdəndir və mandatım ərzində çalışacağam ki, bu məsələni daim diqqətdə saxlayım. Mən bütün mümkün olan səyləri göstərəcəyəm ki, iki ölkə nümayəndə heyətlərini bir araya gətirmək mümkün olsun. Hər iki ölkə rəsmlərinin, hökumətlərinin münaqişənin müsbət və yekun həlli yolunun tapılması istiqamətindəki səylərini həvəsləndirməyə çalışacağam.

1news.az

Paylaş:
1036

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər