Küveytdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən motoyürüş keçirilib
Küveytli baykerlər Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən motoyürüş təşkil ediblər.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, motoyürüş “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində səfirliyin dəstəyi və Küveytdə fəaliyyət göstərən “Vətənsevər Dostluq Cəmiyyəti”nin təşkilatçılığı ilə keçirilib. Aksiyanın məqsədi Küveyt ictimaiyyətinin diqqətini Xocalı həqiqətlərinə cəlb etmək olub.
Küveyt vətəndaşı Bədii Əl-Avaidi yürüşdən öncə soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş uşaqlar, qadınlar və yaşlı insanlar barədə iştirakçılara ətraflı məlumat verib.
Yürüş zamanı səfirlik tərəfindən hazırlanmış müxtəlif informasiya-təbliğat xarakterli materiallardan istifadə olunub.