Təhsil Nazirliyinə tabeli qurumda 170 min manatlıq yeyinti aşkar edilib
Təhsil Nazirliyinə tabeli qurumun vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb.
Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı mərkəzin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən 2012-2014-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədi ilə faktiki olaraq idman tədbirlərinin keçirilmədiyi və müxtəlif fənlərin tədris edilmədiyi halda, həmin tədbirlərin keçirilməsi və fənlərin tədris edilməsi, habelə qeyd olunan tədbirlərlə əlaqədar ezamiyyələrin verilməsi adı ilə məlumatların saxtalaşdırılaraq ümumilikdə 170 min manat məbləğində vəsaitin məşqçi müəllimlərin adlarına rəsmiləşdirilməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1news.az