Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında memorandum imzalanıb-FOTO
Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
1news.az mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər peşə, ixtisas və bilik səviyyələrinin daim artırılmasının zəruriliyi və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nı əsas tutaraq, peşə və ixtisaslar üzrə optimal təhsil sisteminin mərhələli tənzimlənməsi, bu məsələlər üzrə memorandum münasibətlərinin yaradılması barədə razılığa gəliblər.
Memorandumda qeyd edilir ki, yüksək hərbi elmi potensiala malik zabit kadrların hazırlanmasını təmin etmək, gələcək hərbi mütəxəssislərin biliklərinin artırılmasına istiqamətləndirilmiş və təhsil üzrə proqramlar sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlıq həyata keçiriləcəkdir.
İmzalanmış sənəddə müasir tələblərə cavab verən yüksək ixtisaslı elmi, elmi-pedaqoji bilik və təcrübəyə malik hərbi mütəxəssislərin hazırlanması, qabaqcıl elmi üsul və texnologiyaların inkişafı sahəsində yeni elmi materialların öyrənilməsi, informasiya və təcrübə mübadiləsi keçirilməsi, hərbi mütəxəssislərin elmi və təhsil proqramına uyğun təcrübəyə yiyələnməsi, birgə beynəlxalq və regional elmi konfransların təşkili, nəzəri və praktiki elmi-tədqiqat işlərinin qrant şəklində aparılmasının zəruriliyi nəzərə çatdırılır.
Memorandumu Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev və Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov imzalayıb.
Sonda Azərbaycan Texniki Universitetində ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə yaradılmış zal ziyarət edilib, kafedra və laboratoriyalara baş çəkilib, professor-müəllim heyəti və tələbələrlə söhbət edilərək gələcək birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
1news.az