Zeynal Nağdəliyev: "Vəzifədən uzaqlaşdırılan icra başçıları Prezidentin etibarını itiriblər"
Bu gün Laçın və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər.
1news.az APA-ya istinadən xəbər verir ki, mövcud kadr dəyişikliyinin əsas səbəbini şərh edən Prezident Adminstrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək: "Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının İcra Hakimiyyəti başçıları da məhz elə o səbəbdən cənab Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad ediliblər. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər".
Z. Nağdəliyev qeyd edib ki, bu gün vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər, nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzdan düşüblər.
Z. Nağdəliyevin fikrinə görə, adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları cənab Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulamışdır ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaq.