Ekoloji qanunvericiliyi pozanlara qarşı 131 akt və protokol tərtib olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-29 fevral tarixlərində aparılan araşdırma nəticəsində bir sıra qanun pozuntuları aşkarlanıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 131 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 21 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 21 iş üzrə 25840 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 1226.94 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 627 iş üzrə 82726.5 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 26, icra qurumlarına 23, məhkəmələrəisə 6 iş göndərilib.
1news.az