Parisdə “İnternational Art” qalereyasında azərbaycanlı rəssamın fərdi sərgisi açılıb - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Parisdə “İnternational Art” qalereyasında azərbaycanlı rəssamın fərdi sərgisi açılıb - FOTO

13:30 - 05 / 03 / 2016
Parisdə “İnternational Art” qalereyasında azərbaycanlı rəssamın fərdi sərgisi açılıb - FOTO

Parisin mərkəzində “Le Village Suisse”-də “International Art” qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın fərdi sərgisi açılıb. Sərgidə rəssamın “Uşaqlığın yuxuları”, “Teatr və balet” və yeni “Sevgi oyuncaqları” adlı silsilə əsərləri nümayiş olunur.

Rəssamın “Uşaqlıq yuxuları” adlı silsiləsində müxtəlif rəngləri və dərin məna çalarlığını özündə əks etdirən tablolar ekspressionizm üslubundadır. Bu seriyada olan əsərlər rəssamın xəyallarını əks etdirir.

“Teatr və balet” silsiləsində yağlı boya ilə çəkilmiş tabloların əksəriyyətində teatr səhnəsinin aktyorları həm maskalı, həm də maskasız və müxtəlif formada təsvir olunur. Sanki səhnədə aktyor olan bu insanlar həyat qayğılarından uzaqdırlar. Əslində isə onlar daxilən dərin insani düşüncələrə, həyati məfkurəyə malik insanlardır. Rəssam əsərlərində xoşbəxtliyi, xeyrin şər üzərində qələbəsini əks etdirir.

Parisdə rəssamlar arasında böyük nüfuzu olan “Stella Art İnternational” Assosiasiyasının sədri Stella Kalinina azərbaycanlı rəssamın əsərlərinin əsas məziyyətindən bəhs edərək bildirib ki, Nigar Nərimanbəyovanın əsərləri insanlara nağıla dönmüş xoş və unudulmaz uşaqlıq illərini xatırladır, sərgi ziyarətçilərində yüksək əhval-ruhiyyə yaradır. O qeyd edib ki, rəssam tamaşaçıları dərin düşünməyə sövq edən mənalı mövzu seçir.

Rəssamın əsərləri Parisin MARAİS İncəsənət Mərkəzinin məşhur “Paulia Roza” qalereyasında, Pyer Karden Mərkəzinin Salon Biznes Art 2013, 2014, 2015 salonunda, “Grand Palais”də Fransa Prezidenti Fransua Ollandın hamiliyi ilə hər il keçirilən “Art en capital 2015” müasir incəsənət sərgisində, Monakoda “Dünya Rəssamlar”ı sərgisində, Parisdəki Rusiya Mədəniyyət Mərkəzində “Rus Palitrası” sərgisində uğurla nümayiş olunub.

Sərgi martın 10-dək davam edəcək.

AZƏRTAC

Paylaş:
1134

Son xəbərlər

Bütün xəbərlər