Ehud Barak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından danışdı
“Qlobal Bakı Forumu olduqca əhəmiyyətlidir və onun məşhurluğu ildən-ilə artır”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda jurnalistlərə İsrailin sabiq baş naziri Ehud Barak Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, bu forum Azərbaycan üçün yüksək nailiyyətdir.
“İldən-ilə bu foruma gələn dünyanın ən nüfuzlu liderlərinin sayı artır. Bu insanlar buraya toplaşaraq mövcud problemlərlə bağlı fikir mübadiləsi aparır ki, dünya bundan sonra az da olsa yaxşılaşsın”, - o, bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan E.Barak qeyd edib ki, Azərbaycan rəhbərliyinə etibar edir. Belə ki, Azərbaycan rəhbərliyi bu münaqişənin həlli üçün dünyanı bu ölkəyə kömək etməkdə inandıracaq:
“20 ildən artıqdır ki, biz bu münaqişənin həllini gözləyirik. Ümid edirəm ki, BMT-nin bu məsələyə aid qətnaməsi öz həllini tezliklə tapacaq”.
Qeyd edək ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İnterAaction Council, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Forumda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İki gün davam edəcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq.
1news.az