İlham Əliyev Albaniya prezidenti Buyar Nişani ilə görüşüb
Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Buyar Nişani ilə görüşüb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Dördüncü Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini deyən dövlətimizin başçısı toplantıda getdikcə daha çox nüfuzlu qonağın iştirak etməsini məmnunluqla qeyd edib.
Prezident İlham Əliyevə IV Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını ifadə edən Albaniya prezidenti Buyar Nişani tədbirin müxtəlif ölkələrdən olan nümayəndələrin bir araya gələrək dünya dövlətlərinin üzləşdiyi bir sıra mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparması üçün yaxşı fürsət yaratdığını vurğulayıb.
Ölkələrimiz arasında yaxın dostluq və tərəfdaşlıq münasibətlərinə toxunan Buyar Nişani əməkdaşlığımızın bütün sahələrdə daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Əlaqələrimizin inkişafına verdiyi dəstəyə və ölkəsinə göstərdiyi dost münasibətinə görə şəxsən Prezident İlham Əliyevə təşəkkürünü bildirən Buyar Nişani Albaniyanın Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
Albaniya ilə Azərbaycanın tarixində oxşarlıqların olduğunu deyən Buyar Nişani hər iki ölkənin bir sıra mühüm məsələlərin həlli istiqamətində birgə fəaliyyətinin önəmini qeyd edib.
Azərbaycanın qısa zaman ərzində sürətli inkişafa nail olduğunu vurğulayan ali qonaq bunun region və eləcə də digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib.
Buyar Nişani Prezident İlham Əliyevin TAP da daxil olmaqla bir sıra mühüm layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirib. Ali qonaq bu layihənin nəinki iştirakçı dövlətlər, bütün Avropa üçün mühüm əhəmiyyət daşıdığını deyib.
1news.az