Kredit ittifaqları haqqında qanunda dəyişikliklər təsdiq olunub
Prezident İlham Əliyev “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Maddə 1. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485, 2001, №12, maddə 736; 2010, №10, maddə 839) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5-ci maddə üzrə:
1.1.1. 8-ci hissədə “qaydada” sözündən sonra “maliyyə bazarlarına nəzarət orqanından” sözləri əlavə edilsin;
1.1.2. 9-cu və 10-cu hissələrdə “Bank fəaliyyətinə xüsusi razılıq verən orqan” sözləri “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
1.2. 9-cu maddənin 1-ci hissəsində “bank fəaliyyəti üçün xüsusi razılıq verən orqana” sözləri “maliyyə bazarlarına nəzarət orqanına” sözləri ilə əvəz edilsin.
1.3. 17-ci maddənin 2-ci hissəsində və 18-ci maddənin 2-ci hissəsində “bank fəaliyyətinə xüsusi razılıq verən orqan” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
Maddə 2. Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək kredit ittifaqlarında kredit fəaliyyətinin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır”.
Bundan başqa dövlət başçısı “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
1news.az