Türkiyə prezidenti: “Azərbaycan Türkiyənin dostu olduğunu bir daha göstərdi”
Bu çətin günlərdə Azərbaycan bir daha göstərdi ki, Türkiyənin dostudur.
1news.az-ın məlumatına görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarda keçirilən V iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:
“Azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasın Bakıda keçirəcəkdik, terror olayından sonra prezident İlham Əliyev iclasın Ankarada keçirilməsini təklif etdi. Bu addım Azərbaycan və Türkiyənin terrora qarşı birgə olduğunu göstərmək baxımından da çox önəmlidir.
Mərhum Heydər Əliyevin dediyi kimi, bunu “Bir millət, iki dövlət”in təzahürü olduğunu bir daha ifadə edirəm. Azərbaycan qara günün dostu olduğunu göstərdi. Buradakı mesajın hər kəs tərəfindən diqqətə alınmasını tövsiyə edirəm. Hər kəs bu qardaşlıq mesajından dərsini almalıdır”.
Bundan sonra da Türkiyənin bütün məsələlərdə, xüsusən Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməkdə davam edəcəyini deyən R.T.Ərdoğan dost və qardaş ölkələrin də dəstəyi ilə Türkiyənin üzləşdiyi çətinlikləri arxada qoyacağına əmniliyini ifadə edib.
“Terrordan bir vasitə olaraq istifadə edənlər Türkiyəni diz çökdürə bilməyəcək, özləri diz çökəcəklər”- deyə, Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti bildirib ki, iclasda enerji, nəqliyyat-kommunikasiya, müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləri müzakirə olunub: “Müstəqil Azərbaycanın banisi Heydər Əliyevi rəhmətlə yad edirəm. İlham Əliyev onun irsinə uğurla sahib çıxdı və çıxır”.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları 1 il Azərbaycanda, 1 il Türkiyədə keçirilməyə davam edəcək:
“Qarşıdakı dövrdə yenə bir araya gələcəyik. İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı olacaq, o iclasda yenə görüşəcəyik. Vaşinqtonda nüvə sammitində də bir araya gələcəyik”.
1news.az