Müdafiə naziri Çexiya parlamentinin nümayəndə heyəti ilə görüşüb – FOTO
Müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan Çexiya Respublikası parlamentinin Deputatlar Palatasının Müdafiə Komitəsinin sədri David Kadnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az-ın məlumatına görə, müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və hərbi-texniki sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Çexiya Respublikası hərbi-sənaye şirkətləri nümayəndələri ilə Silahlı Qüvvələrimizin silahlanmasındakı döyüş texnikası və avadanlıq, eləcə də Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin modernləşdirilməsi və yenilənməsi, texniki baxımdan yerli şəraitə uyğunlaşdırılmış müasir müşahidə sistemlərinin əldə edilməsi, eləcə də hərbi təhsil, qarşılıqlı təcrübə səfərləri və maraq doğuran digər mövzulara dair geniş fikir mübadiləsi aparılıb.
1news.az