AR Nazirlər Kabineti: “Yay vaxtına keçid haqqında qərar qüvvədə qalır”
Azərbaycanda 27 mart tarixindən etibarən yay vaxtına keçid hal-hazırda qüvvədədir.
1news.az xəbər verir ki, bunu Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.
Onun sözlərinə görə hazırda bu qərarın ləğv edilməsi müzakirə obyekti deyil.
Öz növbəsində APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, akademik Rasim Əliquliyev Akademiyanın Azərbaycanda yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsi təklifini Prezident Administrasiyası, Nazirlər Kabinetinə göndərdiyini deyib.
O qeyd edib ki, AMEA yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsi ilə bağlı məsələyə elmi baxışını ortaya qoyub:
“Biz bu məsələdə qərar qəbul edən qurum deyilik, təklif vermişik. Bizdən başqa, bu məsələ ilə bağlı müvafiq olaraq digər təşkilatlara da müraciət olunub. Qeyd etdiyim kimi, biz artıq məsələyə münasibətimizi ortaya qoymuşuq”
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə bildirib ki, martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçidlə bağlı qərar qüvvədədir.
Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Bu il martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçiləcək. 04.00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək.
1news.az