Sağlamlıq imkanları məhdud olan məcburi köçkün gənclər üçün Novruz şənliyi keçirilib – FOTO
Martın 15-də Gənclər və İdman Nazirliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Novruz şənliyi keçirilib.
1news.az-ın məlumatına görə, tədbirin keçirilməsində məqsəd - sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərə dövlət qayğısının daha da artırılması, onların asudə vaxtlarının səmərəli keçirilməsi olub.
Tədbirdə sağlamlıq imkanları məhdud və məcburi köçkün olan 300 nəfər yeniyetmə və gənc iştirak edib.
Qonaqlara baharın gəlişindən xəbər verən Novruz bayramında maraqlı şən səhnəciklər göstərilib ki, bu da iştirakçıların xoş ovqatına, böyük sevincinə səbəb olub.
Azərbaycanın gənc incəsənət xadimlərinin şənlik iştirakçıları qarşısında çıxışları onlar üçün xüsusi bahar sürprizinə çevrilib.
Tədbirdə iştirak edən yeniyetmə və gənclərə bayram şənliyinin sonunda hədiyyələr təqdim olunub.
1news.az