Kamboca Krallığının nümayəndə heyəti dövlət qulluğuna qəbul sahəsində Azərbaycan modelini öyrənmək məqsədilə ölkəmizə səfər edib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlətin ali rəhbərliyinin dəstəyi ilə dövlət qulluğuna qəbulun Azərbaycan modelini yaratmışdır. Bu model həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mütərəqqi və səmərəli model kimi tanınır və bir çox dövlətlər bu modellə yaxından maraqlanırlar.
1news.az-a Dovlət Qulluğu Məsələləri üzre Komissiyadan verilən məlumata görə, Gürcüstan və Əfqanıstanın dövlət qulluğu siyasətini həyata keçirən qurumları dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və öz ölkələrində tətbiq etmək məqsədilə ölkəmizdə səfərdə olub.
Kamboca Krallığının Dövlət Qulluğu Nazirliyinin Dövlət Katibinin müavini Thor Sethananın başçılıq etdiyi nümayəndə heyətinin bu gündən, 16 mart tarixindən Azərbaycan Respublikasına işgüzar səfərə gəlməsinin də əsas məqsədi dövlət qulluğu sahəsində Azərbaycan modelini, dövlət idarəçiliyi və korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsini öyrənməkdən ibarətdir. Nümayəndə heyətinin tərkibinə Krallığın Dövlət Qulluğu Nazirliyinin, İdarəçilik Məktəbinin, Təhsil, Gənclər və İdman Nazirliyinin, Baş Katiblik yanında Dövlət Maliyyə İdarəçiliyi üzrə İcraiyyə Komitəsinin, İqtisadiyyat və Maliyyə Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Kamboca Krallığındakı nümayəndəliyinin əməkdaşları daxildirlər.
Martın 18-dək davam edəcək səfər zamanı nümayəndə heyəti üçün “Azərbaycan Respublikasının dövlət qulluğu sistemi”, “Dövlət qulluğuna qəbulda obyektivlik və şəffaflığın təmin olunması”, “E-xidmətlər. Dövlət qulluğuna qəbulun İT idarə edilməsi sistemi”, “Test tapşırıqlarının təkmilləşdirilməsi və ekspertizası. Dövlət qulluğu imtahanına hazırlıq. Test və müsahibə proqramları”, “Dövlət qulluğuna qəbulun maddi-texniki təminatı”, “Dövlət qulluqçularının peşəkarlığının inkişaf etdirilməsi. Dövlət qulluqçuları üçün Təlim Mərkəzinin yaradılması” və “Dövlət qulluğunda etika və korrupsiyaya qarşı mübarizə” mövzularında təqdimatla çıxışlar olacaq.
Nümayəndə heyəti Komissiyanın Test İmtahanı Mərkəzində və Asan xidmət mərkəzində olacaqlar.
1news.az