Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə aşağı enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə aşağı enəcək

13:30 - 18 / 03 / 2016
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 19-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 14-18, bəzi yerlərdə 21, Bakıda gecə 4-6, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, martın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü, martın 19-da gündüz arabir güclənən gilavar küləyinin martın 20-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Qeyd edək ki, martın 20-də ölkə ərazisində hava şəraiti dəyişəcək. Belə ki, martın 20-si gündüzdən 21-i günün ikinci yarısınadək ölkə ərazisində hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda yağışın sulu qara, qara keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu martın 21-də ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

1news.az

Paylaş:
679

Son xəbərlər

Bütün xəbərlər