Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərin konsepsiyasız olduğu bir daha sübut olundu”
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsində Ermənistanın ən əsas məqsədi Rusiyanı Qafqazdan uzaqda saxlamaqdır.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son dövrlərdə baş verən hadisələri şərh edərkən deyib.
Rusiya prezidentiVladimir Putinin Ermənistan prezidenti Serj Sarkisyanı Moskvaya çağırmasına diqqət çəkən politoloqun sözlərinə görə, hadisələrin gedişindən başa düşmək olurdu ki, Rusiya İranın hesabına Azərbaycanın işğal olunmuş ərazilərinin bir qismi üzərində Ermənistanın nəzarəti itirməsi ilə bağlı məlumatları diqqətdə saxlayır.
Dağlıq Qarabağ məsələsini bu görüşdə əsas müzakirə obyekti olduğunu deməyə kifayət qədər analitik arqumentlər mövcuddur. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun yaydığı məlumat göstərdi ki, Ermənistan və Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqelərində ciddi dəyişiklik baş verməyib.
“Hərbi vəziyyətin gərginləşməsi Rusiyanın əleyhinə olan qüvvələrin əl-qolunu açacaq”
İlkin ümumiləşdirmələrini açıqlayan M.Əhmədoğlu İranın Dağlıq Qarabağ tənzimlənməsindəki praktiki addımlarına qarşı Rusiyanın heç bir addım atmayacağını deməklə yanaşı Rusiyanın İrana təsir rıçaqlarının getdikcə azaldığını da sözlərinə əlavə edib:
“Rusiya bu regionda hərbi vəziyyəti gərginləşdirə bilməz. Hərbi vəziyyətin gərginləşməsi Rusiyanın əleyhinə olan qüvvələrin əl-qolunu açacaq. Rusiyanın əlində yeganə vasitə siyasi-diplomatik metoddur. Bu metodun İrana təsiri yoxdur. Ermənistan isə Rusiya prezidentinin təkliflərini rədd etdiyi kimi Rusiyanın siyasi-diplomatik metodunu da qəbul etmir”.
“Ermənistanın bütün davranışı deməyə əsas verir ki, o, Rusiyanı Cənubi Qafqaza yaxın buraxmamaq tapşırığını alıb və onu yerinə yetirir”- deyən politoloqun sözlərinə görə, Rəsmi İrəvan bunun üçün müxtəlif variantlardan istifadə edir:
“S.Sərkisyan V.Putinə Suriya məsələsində Rusiyanın mövqeyini dəstəklədiklərini bildirdi. Ucuz, qəlp yalandır. İndi Suriya məsələsində Ermənistanın Rusiyaya dəstək verməsinə heç bir zərurət yoxdur. Hətta ABŞ indi Suriya məsələsində Rusiyanın mövqeyini prioritet hesab edir. 2011-ci ildə Ermənistan və Suriyadakı ermənilər Patriarx Kirilin Suriyaya səfərini boykot etdilər. 2014-cü ildə Kəsab hadisələri zamanı V.Putin S.Sərkisyana sülhməramlı adı ilə Suriyaya qoşun yeritməyi təklif etdi. S.Sərkisyan V.Putinin sözünü eşitmədi, ABŞ-ın maraqlarına uyğun olaraq Suriya məsələsində neytrallıq elan etdi”.
İran Dağlıq Qarabağ münaqişəsinin həllində yenidən vasitəçi olmaq istəyir
İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki roluna toxunan M.Əhmədoğlu bildirib ki, rəsmi Tehran Dağlıq Qarabağ tənzimlənməsində indiki mövqeyindən geri çəkilə bilməz:
“İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki mövqeyi Ermənistanda milli şüura narkotik maddə kimi təsir edir. Amma indi İranın prezidenti Mahmud Əhmədinejad deyil, Həsən Ruhanidir. Həm də indiki İran nüvə sanksiyalarını ləğv etdirmiş İrandır. Bu İran dünyada və regionda yeni maraqlar uğrunda mübarizəyə başlayıb. İran 1992-ci ildə Dağlıq Qarabağ məsələsində vasitəçiliyə cəhd etdi. Nəticədə İranı cəzalandırmaq üçün Azərbaycanın Şuşa şəhəri işğal edildi.
2016-cı ilin İranının 1992-ci il İranınından fərqi olmalıdır və bu fərq var. İran regiona daxil olmaq üçün qovulduğu yerdən - Dağlıq Qarabağ məsələsindəki rolundan başlamaq istəyir”.
“İran Ermənistan-İran dəmir yolu marşrutunun reallaşması Azərbaycandan asılıdır”
İranın bu yöndəki attığı addımlara diqqət çəkən politoloq ilk növbədə İran XİN-in yendən vasitəçilik missiyası irəli sürərkən region dövlətlərindən heç birisi ilə məsləhətləşməməsini, müxtəlif məsələlərlə bağlı Ermənistan tərəfindən irəli sürülən bir sıra təkliflərə müsbət cavab verməməməsini qabardıb. O eyni zamanda İran Ermənistan-İran dəmir yolu marşrutunun reallaşmasının Azərbaycandan asılı olduğunu da qeyd edib.
“İran Ermənistan-İran dəmir yolu marşrutu ilə bağlı Ermənistanın təklifini rədd etdi. İrana görə bu dəmir yolu Naxçıvandan keçməlidir. Ermənistanın nəqliyyat naziri Q.Beqlaryan bunu təsdiq edir. O, İranda səfərdə olarkən bu ölkənin marşruta etdiyi dəyişikliyi qəbul etdi.
Yaxınlarda iki konteynerin İran-Ermənistan-Gürcüstan marşrutu vasitəsilə Avropaya çatdırılması testi də göstərir ki, söhbət yalnız Naxçıvandan keçən dəmir yolundan gedir. Bu isə yalnız Azərbaycan Respublikasının razılığı ilə mümkündür. Ermənilərin dediyi marşurut üzrə dəmir yolunun çəkilməsinə pul tapılsa, səkkiz ildən sonra bu variantdan danışmaq mümkündür”.
Azərbaycanla müştərək layihələrin az xərc tələb etdiyini və İrana daha çox iqtisadi səmərə verdiyini deyən M.Əhmədoğlu Ermənistandan fərqli olaraq Azərbaycanın müstəqil dövlət olduğunu, beynəlxalq miqyaslı iri layihələr reallaşdırmağa Azərbaycanın xeyli təcrübəsinin və maliyyə imkanının olmasını önə çəkib.
“İranın düşmən qazanmalı halı yoxdur”- deyən politoloqun sözlərinə görə, İran Azərbaycanla iqtisadi əlaqələrdən qarşılıqlı faydalı əməkdaşlıq üçün istifadə edir. Ermənistan isə İrana yalnız konfrotasiya əməkdaşlığı təklif edir:
“Məhz bu reallıqlar “Xudafərin” hidroqovşağı haqda müqaviləni zərurətə çevirdi. Azərbaycanlılar İranın vasitəsilə işğal altında olan ərazilərimizdə işləyəcəklər. İran ötən ilin mart ayından Xudafərin ərtrafındakı əraziyə erməni işğalçılarının girməsinə qadağa qoyub. Buna şübhəsi olan ermənilər Ermənistanın İrandakı səfiri A.Tumanyana sorğu göndərə bilərlər”.
“Dağlıq Qarabağ münaqişənin həllində vasitəçilərin konsepsiyasız olduğu bir daha sübut olundu”
M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rol oynayan vasitəçilərlə bağlı da fikirlərini diqqətə çatdırıb. Münaqişənin həllində vasitəçilərin konsepsiyasız olduğunun bir daha sübut olunduğunu deyən politoloqun fikrincə, AŞPA-da Dağlıq Qarabağ mövzusunda qətnamələrin müzakirələrinin əleyhinə çıxmaları ATƏT Minsk qrupunun (MQ) fəaliyyətinə ciddi zərbə vurdu:
“Yüksək çinli Azərbaycan rəsmiləri ATƏT MQ həmsədrləri ilə görüşməkdən imtina ediblər. ATƏT MQ həmsədrləri isə kiçik çaplı rəsmilərlə görüşmək istəmirlər. Əvvəlki formatda dialoqu stimullaşdırmaq üçün həmsədrlər müxtəlif variantlara əl atıblar. Amerikalı həmsədr Ceyms Uorlik həmsədrlərin adından bəyan etdi ki, onlar AŞPA-da Dağlıq Qarabağ mövzusunda qətnamələrin müzakirəsinin əleyhinə olmayıblar. ABŞ rəsmiləri bu istiqamətdə bir neçə bəyanatla çıxış etdilər. Uorlik Tbilisiyə səfər etdi. Məqsədi Dağlıq Qarabağ tənzimlənməsini irəlilətmək üçün danışıqlar aparmaq idi. Uorlikin Tbilisidə kimlərlə görüşməsi barədə şayiə xarakterli məlumatdan başqa digər informasiya yoxdur. Uorlikin tviterində heç bir məlumat yoxdur. Adətən Uorlik həm tədbirdən əvvəl, həm də sonra məlumat yaymağı çox sevir. Tbilisidə isə susdu”.
M.Əhmədoğlu həmsədrlərin vasitəçilik missiyasını xilas etmələri üçün bir sıra təkliflər verib. Onun sözlərinə görə, ATƏT MQ həmsədrləri ilk öncə Dağlıq Qarabağ tənzimlənməsinin yol xəritəsini hazırlamalı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun qurulmasına öz münasibətinin açıqlamalı, Ermənistanın vasitəçilərin adından verdiyi bəyanatlara münasibət bildirməli, “Qoşunların təmas xəttinin yeni coğrafiyası” və “status-kvonun dözülməzliyi” anlayışlarına rəsmi izah verməli, eləcə də Ermənistanda Konstitusiya islahatlarından sonra baş verəcək dəyişikliyə münasibətlərini açıqlamalıdırlar.
“Rusiya uzun müddət Yaxın Şərqdə qalmaq niyyətindədir”
M.Əhmədoğlu Rusiyanın regiondakı roluna da toxunub. İlk öncə rəsmi Moskvanın Yaxın Şərq regionundakı rolundan danışan politoloq hesab edir ki, Rusiya XİN millətlərin müqəddəratını təyini və ərazi bütövlüyü prinsiplərini uzlaşdıra bildi.
Rusiyanın yenidən Yaxın Şərqə qayıtdığını deyən M.Əhmədoğlunun sözlərinə görə, rəsmi Moskva uzun müddət bu regionda qalmaq niyyətindədir:
“Yaxın Şərqin hakim elitasında Qərbin siyasəti ərazi bütövlüyünün pozulması, dövlətlərin parçalanması assosiasiyası yaradır. Rusiyanın siyasəti Qərbin Yaxın Şərq siyasətindən fərqli olmalıdır. Dövlətlərin ərazi bütövlüyünə verdiyi dəstək bu baxımından Rusiyanı Yaxın Şərq siyasətinin mühüm lokomotivlərindən biri olacaq. Eyni zamanda Rusiya ərazi bütövlüyü prinsipləri ilə millətlərin öz müqəddəratını təyin etmə prinsipi ilə uzlaşdırmaqla həm də Helsinki yekun aktının prinsiplərinə sadiqliyini nümayiş etdirir. Rusiya ərazi bütövlüyü və ya sərhəd toxunulmazlığı kimi Avropa dəyərini Yaxın Şərqə daşıyır.
Millətlərin öz müqəddəratını təyin etmə prinsipi ərazi bütövlüyü prinsipi içərisində reallaşması yeni olmasa da, Rusiyanın bu yanaşma tərəfində olması çox vacib məsələdir. Söhbət təkcə Rusiyanın özünün çox millətli dövlət olmasından getmir. Söhbət V.Putinin beynəlxalq aləmdə prinsip tərəfdarı kimi mövqeyinin möhkəmlənməsindən gedir. Bu kontekstdə V.Putinin bir az öncə V.Lenini tənqid etməsinin səbəbləri aydınlaşır. Amma tarixin daha vacib qanuna uyğunluğu var. Gələcək zaman keçmiş zamanın üstündə qurulub”.
“Rusiya MDB dövlətlərinə münasibətdə ərazi bütövlüyü prinsipindən çıxış etməlidir”
Rusiyanın MDB dövlətlərinə qarşı yürütdüyü siyasətə toxunan M.Əhmədoğlu Rusiya Yaxın Şərqdə olduğu kimi MDB dövlətlərinə münasibətdə də ərazi bütövlüyü prinsipindən çıxış etməlidir:
“Əgər Rusiya XİN millətlərin öz müqəddəratını təyin etmə prinsipini yalnız Yaxın Şərq regionunda ərazi bütövlüyü prinsipi içərisində reallaşmasının tərəfdarıdırsa, bu çox ciddi səhvdir. MDB məkanındakı proseslərə də bu kontekstdən yanaşılmalıdır və Rusiya XİN MDB məkanında öz müqəddəratını təyin etmək istəyən millətlərə beynəlxalq hüquqi baxımından mənsub olduğu dövlətlərin sərhədlərini göstərməlidir. Bunu mümkün qədər tez etməsi lazımdır.
MDB məkanı birbaşa Rusiyanın ərazisinə söykənir. Yaxın Şərq regionun isə Rusiya ilə coğrafi təması yoxdur. Yaxın Şərq regionunda milli sərhədləri dəstəkləməkdə uğur əldə etmək üçün Rusiya MDB dövlətlərinin milli sərhədlərinə dəstəyini xeyli artırmalıdır”.
1news.az