Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

20:31 - 19 / 03 / 2016
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Novruz dostluq, ünsiyyət və yenilik bayramıdır.

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə təcəssüm etdirən bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqət göstərməsi üçün daima gözəl zəmin yaratmışdır. Novruz həmişə barışıq, ülfət və səmimiyyət bayramı olmuşdur”.

Novruz bayramının özünəməxsus adət və ənənələri birlik, bərabərlik, keçmişə ehtiram və gələcəyə inam hissləri aşılayır. Azərbaycan xalqı tarixən bəşəriyyətin yaranışı, təbiətin oyanışı barədə zəngin dəyərlər sistemi yaradaraq onu Novruz mərasimlərində ümumiləşdirib. Bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da baharın gəlişi xoş arzularla qarşılanır, Novruz bayramı böyük el şənlikləri ilə qeyd olunur, xalq yaradıcılığı günləri keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 19-da Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edib.

Milli geyimli oğlan və qız Novruzun rəmzi olan səmənini Ali Məclisin Sədrinə təqdim edib, Naxçıvan Dövlət Filarmoniyasının rəqs ansamblı yallı rəqsi ifa ediblər.

Bayram tədbirində el ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xeyir-dua verərək deyib: Ötən il böyük əməllərlə yadda qaldı. Urvatlı olsun! Əlincəqala yenidən bənd-bərəsini möhkəmlətdi. Düşərli olsun! Onunla bərabər igidlərin də qoluna qüvvət gəldi. Təpərli olsun! El ağsaqqalı Dədə Qorqud deyir ki, heç nə səbəbsiz yaranmır. Bütün bunları yaradanlar var. Ömürləri uzun olsun! Bu əziz gündə diləyimiz budur: xalq üçün yaşayanlara, xalq üçün yaradanlara alqış olsun!

Xalq qəhrəmanları Babək və Koroğlu da xalqımızın vətənpərvərlik, qəhrəmanlıq şücaətlərindən söz açıb, təbriklərini çatdırıblar.

Aşıq-ozan pоеziyası xalqımızın qədim dəyərlərindən biridir. Azərbaycanda bu sənətin ən böyük abidəsi “Dədə Qоrqud” dastanıdır. Vətənpərvərlik duyğularının, torpaq, yurd sevgisinin yüksək poetik tərənnümü olan aşıq sənətinə Naxçıvanda xüsusi qayğı ilə yanaşılır, aşıq yaradıcılığının inkişafına ciddi diqqət yetirilir. Hər il Novruz bayramı şənliklərində saz havalarına geniş yer verilməsi bu diqqət və qayğının təzahürüdür. Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvlərindən Tural Bağırovun, Şirin Şirinzadənin və Aydın Cəfərovun ifa etdiyi “Gözəlləmə” aşıq havası xoş ovqat yaradıb.

Azərbaycan xalqının milli dəyərlərindən biri də muğam sənətidir. Milli musiqi sənətimizin əsasını təşkil edən muğamlarımız dünyada tanıdılır, təbliğ olunur. Bu gün Naxçıvan Musiqi Kollecində, uşaq-musiqi məktəblərində muğamlarımız gənc nəslə öyrədilir, istedadlı muğam ifaçıları üzə çıxarılır, el şənliklərində muğam ifalarına geniş yer verilir. Naxçıvan Musiqi Kollecinin muğam üçlüyünün ifa etdiyi “Mahur təsnifləri” tədbir iştirakçılarının zövqünü оxşayıb.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin “Naxçıvanqala” ritm qrupu da maraqlı kompozisiya təqdim edib.

Yallı rəqsi mərdlik və mübarizlik, vətənpərvərlik və həmrəyliyin mükəmməl bədii ifadəsidir. Bəşəriyyətin yaşı qədər qədim olan, Gəmiqaya abidələrində də təsvir olunan bu sənət Naxçıvanda qorunub yaşadılır, gənc nəslə öyrədilir. Naxçıvan Musiqi Kollecinin rəqs ansamblının üzvlərinin təqdim etdiyi yallı rəqsi şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Bayram şənliyində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Gənc Heydərçiləri Ulu Öndərimizə və vətənimizə həsr olunmuş şeirlər söyləyiblər.

Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin Əcəmi seyrangahındakı büstünün qarşısında Gənc Heydərçilərlə şəkil çəkdirib.

Naxçıvan Musiqi Kollecinin sazçalanlar ansamblı “Ovşarı” saz havasını səsləndirib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının balaca fidanları “Novruzu” rəqsi ilə bayram şənliyinə ovqat qatıblar. Naxçıvan şəhər “Gənclik” xalq teatrı aktyorlarının Süleyman Rüstəmin “Durna” komediyasının motivləri əsasında hazırladığı səhnəcik maraqla izlənilib, Naxçıvan Dövlət Filarmoniyasının üzvləri tulum, zurna, balaban və tütəkdə milli rəqslərimiz olan “İnnabı”, “Yüzbiri” və “Oğuz” rəqslərini ifa ediblər.

Şifahi xalq yaradıcılığı Azərbaycan ədəbi-mədəni xəzinəsinin mühüm tərkib hissəsidir. Xalqımızın məişət həyatını özündə əks etdirən folklorumuz çoxəsrlik tarixə malikdir. Baharın gəlişini təmtəraqla bayram edən əcdadlarımız Novruzla bağlı zəngin folklor nümunələri yaradıblar. Tədbirdə Naxçıvan Qızlar Liseyinin şagirdlərinin hazırladığı “Bayram axşamı – axır çərşənbə” kompozisiyası maraqla qarşılanıb.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının sazçalanlar ansamblı da musiqi sovqatı ilə bayram şənliyinə qoşulub, Naxçıvan Dövlət Universitetində təhsil alan xarici ölkə tələbələri “Tənzərə” yallısını təqdim ediblər.

Ali Məclisin Sədri universitetin xarici tələbələri ilə görüşüb, onları Novruz bayramı münasibətilə təbrik edib.

Tədbirdə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Mahnı və Rəqs Ansamblının və Estetik Tərbiyə Mərkəzinin rəqs qruplarının çıxışları alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram tədbirində çıxış edərək deyib: Müstəqil ölkəmizdə, eləcə də muxtar respublikamızda Novruz bayramı geniş qeyd edilir, milli dəyərlərimiz, tarixi-mədəni irsimiz qorunub yaşadılır. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, Azərbaycan Respublikasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir.

Ali Məclisin Sədri deyib: Novruz bayramı insanlarda yeni ovqat yaradır. Sabaha olan inamı artırır. Ölkəmizdəki mövcud sabitlik və inkişaf imkan verir ki, xalqımız bu il də özünün əziz bayramını quruculuq və əmin-amanlıq şəraitində qeyd etsin. Əminik ki, müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası Novruzla gələn yeni ildə daha böyük uğurlara nail olacaq və inkişafa qovuşacaqdır.

Ali Məclisin Sədri əziz bayram günündə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edib, şəhid ailələrini, sabitliyimizi qoruyanları, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, tədbir iştirakçılarını, bütün muxtar respublika əhalisini Novruz bayramı münasibətilə təbrik edib, hər kəsə xoş bayram ovqatı arzulayıb.

Sonra Ali Məclisin Sədri bayram tonqalını yandırıb.

Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin izlərini yaşadan qədim milli musiqi alətlərinin bərpası diqqət mərkəzində saxlanılır, təhsil müəssisələrində musiqi dərsi tədris olunur. Tədbirdə Naxçıvan Musiqi Kollecinin “Qədim musiqi alətləri ansamblı”nın üzvləri “Bulağa gəlsin” xalq mahnısını, Naxçıvan Dövlət Filarmoniyasının Muğam Studiyası isə “Heyratı” ritmik muğamını ifa edib. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının təqdimatında “Çalıb çağıran ağac” tamaşasından səhnəciklər göstərilib.

Əcəmi seyrəngahında ictimai-iaşə xidməti göstərilmiş, yerli müəssisələrin istehsal etdikləri məhsulların və müxtəlif sənətkarların əl işlərinin sərgi-satışı təşkil edilmişdi. Muxtar respublikada fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlər, kommersiya şirkətləri, istehsal və xidmət müəssisələri üçün geniş ərazidə pavilyonlar qurulmuşdu. Burada muxtar respublikamızda hazırlanan müxtəlif növ milli yeməklər, bayram şirniyyatları, şərbət və içkilər tədbir iştirakçılarına təklif olunub.

Ali Məclisin Sədri ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, xalq yaradıcılığı guşəsində sərgilənən müxtəlif əl işləri nümunələrinə baxıb.

Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun məişəti və gündəlik həyat tərzi ilə sıx bağlı olan xalçaçılıq sənəti tutur. Müxtəlif həndəsi naxışlar və təsvirlərlə bəzədilən xalçalar xalqımızın zəngin bədii düşüncə tərzini və estetik zövqünü təcəssüm etdirir. Naxçıvan xalçaçılıq məktəbinin günümüzədək gəlib çatan dəyərli nümunələri özünəməxsus ornamentləri ilə seçilir. Bu gün evlərimizi bəzəyən, muzeylərimizdə hifz olunan cecim, kilim, palaz, xovlu və xovsuz xalça növləri insanlarımızın məişət həyatında mühüm yer tutmaqla yanaşı, tarixən bu ərazilərdə ticarətin inkişafına da mühüm töhfə verib. Naxçıvanda xalçaçılıq sənəti bu gün yaşadılır və gənc nəsillərə öyrədilir. Bayram şənliyində Naxçıvan qrupuna aid olan xalçalar, bədii tikmə və parça nümunələri nümayiş olunub, hana qurulub, yun əyrilib, milli geyimli qızlar tərəfindən ilmələr salınıb.

Xalqımızın yaratdığı dekorativ-tətbiqi sənətin ən qədim və geniş yayılmış növlərindən biri də bədii oyma sənətidir. Hələ qədim dövrlərdə əcdadlarımız bu sənətin ilk nümunələrini yaradıblar. Naxçıvanlı sənətkarlar bu gün də ağac üzərində oyma sənətini yaşadır və inkişaf etdirirlər. Xalqımızın min illər ərzində formalaşdırdığı bədii-estetik zövqünü özündə yaşadan bu əsərlər xalq yaradıcılığı sərgilərinin bəzəyinə çevrilib. Şənlikdə el sənətkarlarının Naxçıvan memarlıq məktəbinin elementlərinin əks olunduğu müxtəlif əl işləri nümayiş olunub.

Sakin Oruc Şabanov muxtar respublikada qədim adət-ənənələrimizin qorunub yaşadılmasının, Novruz bayramının geniş qeyd olunmasının yüksək dəyərə malik olduğunu bildirib, Ali Məclisin Sədrinə minnətdarlıq edib və bayram təbriklərini çatdırıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar tərəfindən hazırlanan əl işləri də sərgilənirdi. Baxış zamanı bildirilib ki, bu il Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yaradıcılıq və istehsalat binasının istifadəyə verilməsi məhkumların müxtəlif xalq sənətkarlığı sahələrində fəaliyyət göstərmələrinə stimul verib. İstehsalat sahəsində hazırlanan əl işləri hər il muxtar respublikada keçirilən müxtəlif sərgilərlə yanaşı, həm də Novruz şənliklərində nümayiş olunur.

Bu gün muxtar respublikanın peşə məktəblərində digər sənət növləri ilə yanaşı, qədim sənətkarlıq sahələrinin gənc nəslə öyrədilməsi də diqqət mərkəzində saxlanılır. Bu, məşğulluq sahəsində görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, xalqımızın məişətinin ayrılmaz parçası olan peşə sahələrinin yaşadılmasına da xidmət edir. Dulusçuluq, papaqçılıq və misgərlik sənətinin yaşadılması bu mənada xüsusi əhəmiyyətə malikdir. Tədbirdə dulusçu, papaqçı və misgərlik sənətlərinin incəlikləri nümayiş etdirilib.

Misdən hazırlanmış ev və mətbəx əşyalarının muzeylərimizin dəyərli tarixi eksponatları sırasında yer alması muxtar respublikada misgərlik sənətinin çoxəsrlik tarixindən xəbər verir. Yüksək ustalıq və estetik zövq tələb edən misgərlik muxtar respublikada bu gün də yaşadılıb inkişaf etdirilən xalq sənəti sahələrindəndir. Sənətkarların mis üzərində qabartma üsulu ilə hazırladıqları müxtəlif dekorativ əşyalar, suvenirlər yurdumuza gələn qonaqların diqqətini cəlb edir.

Qədimdən bəri papaqçılıq sayılıb-seçilən sənətkarlıq növlərindən olub. Xalqımız tarixən papağa xüsusi hörmətlə yanaşıb, papaq baş geyimi olmaqla yanaşı, həm də mentalitet və igidlik rəmzi hesab olunub. Günümüzdə də bu qədim el sənətini yaşadan sənətkarlar vardır. Tədbirdə nümayiş etdirilən milli papaq nümunələri maraq doğurub.

Naxçıvanda ilkin əl əməyinə əsaslanan saxsı qab istehsalı tarixən inkişaf edərək dulusçuluq sənətinin formalaşmasına təkan verib. Naxçıvanda ən qədim dövrdən dulusçu emalatxanaları fəaliyyət göstərib və bu sənət növü geniş ərazidə yayılıb. Aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri burada qədim dulusçuluq sənətinin formalaşmasını və inkişafını təsdiq edir. Bu sənət sənətkarlarımız tərəfindən bu gün də yaşadılır, dulusçuluq əşyaları və alətləri sərgilərdə daim öz yerini tutur.

Tədbirdə naxçıvanlı rəssamların kətan üzərində yağlı və sulu boya ilə çəkdikləri, dəri üzərində işləmə və vitraj üsulu ilə hazırladıqları əsərləri işlənmə texnikası, rəng çalarları və orijinal görünüşü ilə diqqəti cəlb edir.

Naxçıvan zəngin təbiətə malikdir. Burada bitən bitkilər müalicəvi xüsusiyyətləri ilə seçilir. Hələ qədimdən müxtəlif bitki çayları təbabətdə geniş tətbiq olunub, zamanın sınağından çıxaraq müasir dövrdə də öz əhəmiyyətini qoruyub saxlayıb. Tədbirdə “Farma-şah” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunan müxtəlif bitki çayları nümayiş olunub.

Bayram tədbiri musiqi və incəsənət kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilib, Naxçıvan Dövlət Uşaq Teatrının aktyorları “Kosanın toyu” xalq oyununu təqdim edib.

Ali Məclisin Sədri Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyində olub, Naxçıvanskilər nəslinin Azərbaycanın milli dövlətçilik tarixindəki xidmətlərini qeyd edib, Naxçıvan xanlığının tarixinin araşdırılması, muzeyin yeni eksponatlarla zənginləşdirilməsi və elmi-tədqiqat mərkəzi kimi fəaliyyətinin gücləndirilməsi barədə tapşırıqlar verib.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə bayram şənlikləri keçirilib.

Paylaş:
1612

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər