Ankarada “2016-Heydər Əliyev ili”nin təqdimatı olub
Türk Dünyası Mühəndislər və Memarlar Birliyi (TDMMB) 2016-cı ili Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə ehtiram əlaməti olaraq “Heydər Əliyev ili” elan edib. Bu münasibətlə Ankarada təqdimat mərasimi keçirilib.
TÜRKSOY-un qərargahında təşkil olunan tədbirdə Türkiyənin dövlət rəsmiləri, Ankaradakı diplomatik korpusun təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, QHT və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Çanaqqala zəfərində canlarından keçmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Sonra ulu öndər Heydər Əliyevin mənalı həyatını və zəngin fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Daha sonra TDMMB-nin fəaliyyətinə həsr olunan film təqdim edilib.
Türkiyənin ekologiya və şəhərsalma naziri Fatma Güldemet Sarı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə Prezidenti Administrasiyasının baş müşaviri Yalçın Topçu, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Akif Özkal, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Ramin Qurbanov, TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş və başqalarının çıxışları dinlənilib.
Ulu öndər Heydər Əliyevin türk dünyası qarşısındakı xidmətlərindən, o cümlədən Azərbaycan–Türkiyə qardaşlığının əbədiləşdirilməsi istiqamətində gördüyü işlərin əhəmiyyətindən danışan nazir Fatma Güldemet Sarı diqqətə çatdırıb ki, TDMMB-nin 2016-cı ilin “Heydər Əliyev ili” elan olunması barədə qəbul etdiyi qərar yüksək mənəvi mahiyyətə malikdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunması və tanıdılması, görkəmli şəxsiyyətlərinin təbliği sahəsində, türk dünyasının birliyi və inkişafı naminə həyata keçirdiyi tarixi missiya barədə ətraflı məlumat verən Günay Əfəndiyeva diqqətə çatdırıb ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda və ölkə xaricində maddi və qeyri-maddi irsin qorunmasına dair həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Günay Əfəndiyeva təəssüflə bildirib ki, təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və işğal altında olan digər ərazilərimizdə mədəni irs tamamilə məhv edilib. Tədbir iştirakçılarına Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətində nəzərdə tutulan layihələr barədə də ətraflı məlumat verilib.
TDMMB-nin sədri Akif Özkal rəhbərlik etdiyi qurumun “2016-Heydər Əliyev ili” barədə qəbul etdiyi qərarın hədəf və məqsədləri, qarşıda duran böyük vəzifələr barədə məlumat verib. Baş katib bildirib ki, türk dünyasının böyük oğlu ulu öndər Heydər Əliyevin həyata keçirdiyi beynəlxalq iqtisadi layihələr dəyərli memarlıq nümunələridir.
Digər çıxışlarda da ümummilli lider Heydər Əliyevin türk dünyası qarşısına əvəzsiz xidmətlərindən danışılıb. Diqqətə çatdırılıb ki, hələ sağlığında əməli işləri ilə insanların qəlbində özünə əbədi heykəl ucaldan Ulu Öndərin xatirəsinin əziz tutulması türkdilli xalqların tarixən öz xilaskarlarına, qəhrəman övladlarına göstərdiyi diqqət və hörmətin nümunəsidir. Diqqətə çatdırılıb ki, türk dünyasının birliyi naminə tarixi missiyanı həyata keçirən ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq mərasimlər Ümummilli Liderin birlik ideyalarına daha bir töhfə olacaq. Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev bütün siyasi fəaliyyətini qurub yaratmağa həsr edib. Odur ki, “2016-Heydər Əliyev ili” barədə qəbul olunmuş qərar türk dünyası üçün mühüm əhəmiyyət daşıyır.
Məlumat verilib ki, “2016-Heydər Əliyev ili” çərçivəsində Azərbaycan və Türkiyənin bir sıra şəhərlərində Ulu Öndərin siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə dair çoxsaylı mərasimlər keçiriləcək. Cari ilin sonunda isə Türk Dünyası Mühəndislər və Memarlar Birliyi Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayı təşkil edəcək.
Rəsmi mərasimdən sonra iştirakçılar TDMMB-in layihələrindən ibarət sərgi ilə tanış olublar.
Sonra Türk Dünyası Mühəndislər və Memarlar Birliyi adından Fatma Güldemet Sarıya, Günay Əfəndiyevaya və başqalarına diplomlar təqdim olunub.
Günay Əfəndiyeva öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun hədiyyəsini Fatma Güldemet Sarıya təqdim edib.
Mərasim bədii hissə ilə davam etdirilib.
AZƏRTAC