Zərdabda Novruz şənliyi keçirilib - FOTO
Zərdab şəhərindəki Heydər Əliyev parkında təmizlik, ülvilik və saflıq rəmzi olan Novruz bayramı kütləvi şənlik və müxtəlif mərasimlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, parkda açılan bayram süfrələri, yerli müəssisələrdə istehsal olunan məhsulların sərgisi, milli adət-ənənələrimizin qədimliyindən soraq verən palaz, kilim, cəhrə, dördayaq, nehrə kimi əşyalarla tanışlıq şənlik iştirakçılarında xoş hisslər yaradıb. Bayram tonqalı alovlandırıldıqdan sonra Dədə Qorqudla Bahar qız şənlik iştirakçılarına əmin-amanlıq, bol ruzi arzulayıblar.
Zərdab ictimaiyyətinə bayram təbriklərini çatdıran rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev Novruz adətlərinin zənginliyindən, insanlara xoş hisslər aşılamasından söz açıb. Bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi sayəsində tarixi kökümüzə qayıdışın təzahürü, mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı təqvimimizə Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik düşüb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız öz ənənələrinə sadiq qalaraq mənəvi dəyərlərimizi daim uca tutur, onları qoruyub saxlayır və daha da inkişaf etdirir.
Bayram şənliyində rəqs qruplarının, musiqi kollektivlərinin nümunəvi çıxışları, keçəl və kosanın məzəli oyunları, idmançıların göstərdikləri nömrələr, at yarışları maraqla qarşılanıb. Məktəblilər qədim oyunlarımızı nümayiş etdiriblər. Meydan boyu yuxa, kətə, aş, qutab, şəkərbura, paxlava bişirilib. Əli xonçalı qızlar şənlik iştirakçılarına Novruz sovqatları paylayıblar. 3000 ədəddən yuxarı səməni ilə bəzədilən parkda kənd təsərrüfatı məhsullarından ibarət bayram yarmarkası da təşkil olunub.
Zərdabda Novruz şənlikləri el gəzintisi və bayram konserti ilə davam etdirilib.
Həmin gün rayon icra hakimiyyətində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla, o cümlədən aztəminatlı ailələrlə görüş keçirilib. Görüşdə sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən dövlət qayğısından söz açılıb. 50-dək ailəyə bayram sovqatları paylanıb.