Maqsud İbrahimbəyov son mənzilə yola salınıb
Martın 23-də müasir ədəbiyyatımızın görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Yazıçısı Maqsud İbrahimbəyov son mənzilə yola salınıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərindəki tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Maqsud İbrahimbəyovun həmkarları, dostları, tanışları, tanınmış qələm adamları, mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları Akademik Milli Dram Teatrının binasına gələrək onunla vidalaşıblar.
Matəm mitinqini Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar açaraq deyib ki, ədəbiyyatımıza, kinomuza, teatrımıza ağır itki üz verib. Sənətimiz böyük sənətkarını itirib. “Ondan yaxşı qardaş yox idi” povestinin, "Bağçada xudmani yer" hekayəsinin, “Uşaqlığın son gecəsi” filminin və neçə-neçə dəyərli nəsr, səhnə, ekran əsərlərinin müəllifi olan Maqsud İbrahimbəyov hələ sağlığında ədəbiyyatımızın klassiklərindən birinə çevrilmişdi. Onun əsərləri həmişə böyük sevgi və məhəbbətlə oxunub. Ötən əsrin 60-70-ci illərində qələmə aldığı əsərlər nəinki Azərbaycan ədəbiyyatında, hətta sovet ədəbiyyatında böyük hadisəyə çevrilib.
Maqsud İbrahimbəyovla 56 ilin dostu olduqlarını söyləyən Anar onunla bağlı xatirələrini bölüşüb. Bildirib ki, ötən əsrin altmışıncı illər nəslinin görkəmli nümayəndələrindən olan M.İbrahimbəyov bənzərsiz sənət əsərləri yaradıb. Maqsud İbrahimbəyov böyük mütəfəkkir, görkəmli dil və fikir ustası kimi yazdığı əsərlərlə daim ədəbiyyatımızda yaşayacaq.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxışında bildirib ki, M.İbrahimbəyov Azərbaycan nəsr tarixində böyük simalardan biri kimi qalacaq. Onun povestləri, hekayələri, esseləri, ssenariləri əsasında çəkilmiş filmlər heç vaxt aktuallığını itirməyəcək.
Akademik bildirib ki, Maqsud İbrahimbəyovun yaradıcılığında siyasi publisistika da mühüm yer tutur. Onun çətin zamanlarda müvazinətini itirməməsi, tutduğu yolundan dönməməsi, Azərbaycanın istiqlalına, dövlətçiliyinə sədaqəti bu əsərlərdə görünməkdədir. O, Azərbaycanın haqq işini hər zaman müxtəlif tribunalardan cəsarətlə müdafiə edib, ölkəmizə, xalqımıza, dövlətçiliyimizə qarşı yönəlmiş bütün qərəzli yazılara, fikirlərə, çıxışlara Vətənə, torpağa bağlı olan əsl ziyalı kimi tutarlı cavablar verib.
Natiq söyləyib ki, M.İbrahimbəyovun aldığı təltiflərin içərisində “İstiqlal” ordeni də var. O, Azərbaycan istiqlalına həm bədii yaradıcılığı ilə, həm də ictimai xadim kimi töhfələr verib. İxtisasca inşaatçı olsa da, bütün yaradıcılığında və həyatında əsl memar üslubu özünü göstərir. Azərbaycan istiqlalının, dövlətçiliyinin möhkəm və qüdrətli olması üçün hər zaman bir əsgər kimi özünü səfərbər edib. Bu səbəbdən də onun xidmətləri unudulmazdı.
Rafael Hüseynov deyib ki, Maqsud İbrahimbəyov əsərlərini rus dilində yazsa da bütün varlığı ilə, təpədən-dırnağa Azərbaycan yazıçısı idi, Azərbaycan ruhunun ifadəçisi idi. Onun yaradıcılığında Bakı və Abşeron mövzuları elə yüksək səviyyədə işlənib ki, bu təsvirlərdə bütövlükdə Azərbaycanı görmək mümkündür. Maqsud İbrahimbəyov Azərbaycan intellektinin gücünü, Azərbaycan yazıçısının istedadını dünyaya çox ləyaqətli şəkildə təqdim etməyi bacaran ədiblərdəndir.
Milli Məclisin mədəniyyət komitəsinin sədri deyib ki, onun əsərləri yenidən səhnələşdiriləcək, kitabları daha geniş coğrafiyada yayılacaq, bir sözlə, millətimiz, xalqımız durduqca Maqsud da yaşayacaq və heç zaman unudulmayacaq.
Xalq artistləri Aleksandr Şarovski və Azərpaşa Nemətov çıxış edərək Maqsud İbrahimbəyovun bənzərsiz yaradıcılıq axtarışlarından, səmimiyyətindən, yüksək insani keyfiyyətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, teatrsevərlər tərəfindən Maqsud İbrahimbəyovun pyeslərinə həmişə böyük maraq olub. Onun əsərləri müxtəlif ölkələrin qırxdan çox teatrında tamaşaya qoyulub. M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7 sənədli film çəkilib.
Qeyd edilib ki, yazıçının əvəzsiz xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib.
Mərhumun ailəsi adından çıxış edən Murad İbrahimbəyov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə vida mərasiminə toplaşanlara dərin minnətdarlığını bildirib.
Sonra görkəmli yazıçının cənazəsi son mənzilə yola salınıb.
Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
1news.az