Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir – FOTO
“ASAN xidmət”in müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusları səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) 1news.az-a verilən məlumata görə, hazırda “ASAN xidmət”in səyyar avtobusları vətəndaşların xidmətlərdən yararlanmaları üçün aşağıdakı regionlarda əhaliyə xidmətlər göstərir: Naftalan, Masallı, Hacıqabul, Quba, Qəbələ, Siyəzən, Yevlax və Pirallahı.
Eyni zamanda 1 aprel tarixindən etibarən Səyyar ASAN xidmət Füzuli rayonunda da xidmət göstərəcək.
Bununla yanaşı məktəblilərin ödənişsiz şəxsiyyət vəsiqələrini daha operativ və rahat əldə etməsi məqsədilə bir Səyyar ASAN xidmət avtobusu “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası çərçivəsində məktəblilərə xidmət göstərir. Bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək.
Qeyd edək ki, “Sənədsiz məktəbli qalmasın” aksiyası çərçivəsində bugünədək 4 mindən çox məktəbliyə şəxsiyyət vəsiqəsinin verilməsi təmin olunub. Ümumilikdə isə 2013-cü ildən bu günədək Səyyar ASAN xidmət vasitəsilə 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Xatırladaq ki, Səyyar ASAN xidmət 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş 8 avtobus alınaraq avtobusların sayı 10-a çatdırılıb. Bununla da, Səyyar ASAN xidmətin ölkənin bütün regionlarını əhatə etməsi təmin olunub. Belə ki, Səyyar ASAN xidmətin avtobusları dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.
1news.az