İstirahət günləri təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb
Bayram günləri (20-25 mart) ərzində təcili tibbi yardıma təxminən 2200 çağırış edilib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu bardə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.
R.Nağıyevin sözlərinə görə, bu müddət ərzində bütün çağırışlar icra olunub:
"İstirahət günlərinə (19-27 mart) gəlincə, poliklinikalar və müalicə mərkəzləri işləmədiyindən, bütün xəstələri qəbul etmirdilər. Ona görə də ilkin yardımla bağlı həkim briqadalarımız tam hazır vəziyyətdə olub və işlərini lazımi səviyyədə icra ediblər. Yəni, bu müddətdə işimizdə heç bir problem yaranmadı".
Stansiyanın baş həkimi onu da qeyd edib ki, çağırışlar arasında mövsümi müraciətlər çoxluq təşkil edib:
"Yəni, diqqəti cəlb edən müraciətlər olmayıb. Misal olaraq, tonqalda yanmaq və zəhərlənmə ilə bağlı bizə çağırış daxil olmayıb. Çağırışlar əsasən, yüngül soyuqlamalar, respirator xəstəliklər, təzyiq, ürək-qan damar, sinir sistemi xəstəlikləri ilə əlaqədar olub".
1news.az