İstiqlal Muzeyində soyqırımı gününə həsr olunmuş “Açıq dərs” keçiriləcək
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Açıq dərs” keçiriləcək.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə muzeydən bildirilib ki, martın 31-də təşkil olunacaq “Açıq dərs”də paytaxtdakı bir sıra məktəblərin şagirdləri iştirak edəcəklər.
Şagirdlərə muzeyin əməkdaşları ermənilərin azərbaycanlılara qarşı müxtəlif tarixi dövrlərdə həyata keçirdikləri soyqırımı haqqında məlumat verəcək, bu mövzuya həsr olunmuş sənədli film nümayiş olunacaq.
Şagirdlərin diqqətinə çatdırılacaq ki, ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə rəsmi surətdə bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması bəyan edilib.
Məktəblilərə son 200 ildə azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin xronologiyası ilə bağlı geniş məlumat veriləcək. Bildiriləcək ki, XIX əsrin 90-cı illərində, 1905-1907, 1915-1920-ci illərdə Gəncədə, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda, Bakıda, Kürdəmirdə azərbaycanlılara, yəhudilərə, ləzgilərə, kürdlərə və digər yerli əhaliyə qarşı erməni terrorçuları tərəfindən kütləvi qırğınlar həyata keçirilib. O illərdən uzun bir müddət keçməsinə baxmayaraq, tarixçilərimiz, arxeoloqlarımız kütləvi insan qırğınlarının canlı şahidinə çevrilən onlarla məzarlıqlar aşkar ediblər. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində Qubada, Şamaxıda, Gəncədə və bir sıra başqa regionlarda memorial kompleksləri yaradılıb, çoxlu əsərlər, məqalələr yazılıb, abidələr qoyulub.
1news.az