Nazir: “İslahatların həyata keçirilməsi kadrların ixtisar olunmasına gətirib çıxarmayacaq”
“Yaxın günlərdə Prezident İlham Əliyev tərəfindən imzalanan Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsilə bağlı sərəncam ciddi ixtisarlara səbəb olmayacaq”.
1news.az-ın nazirliyin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Salyana səfəri zamanı jurnalistlərə bildirib:
“Bu gün ölkəmizdə dövlət idarəçiliyinin çevikliyinin yüksəldilməsi, idarəçiliyin təkmilləşdirilməsi, eyni zamanda şəffaflığın artırılması məqsədi ilə, digər sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də islahatlar davam etdirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyində də bir sıra struktur dəyişiklikləri baş verib.
Sərəncama əsasən, nazirliyin strukturunda indiyədək mövcud olan 64 rayon mədəniyyət və turizm şöbəsi 15 regional idarədə birləşdirilir. Eyni zamanda, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılır. 2017-ci ilin yanvarın 1-ə qədər yeni sistemə keçiləcək və həmin tarixdən bu sahənin mərkəzləşdirilmiş maliyyələşməsi təmin ediləcək”.
Nazir vurğulayıb ki, dövlət başçısının 2014-cü il 14 fevral tarixli 273 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq qəbul edilən bu qərar mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırmasına əlavə zəmin olacaq.
Əbülfəs Qarayev onu da diqqətə çatdırıb ki, islahatların həyata keçirilməsi işçilərin ixtisar olunmasına gətirib çıxarmayacaq.
Mövzu ilə əlaqədar oxuyun:
Turizm Nazirliyinin strukturu təkmilləşdirilib
1news.az