Əfqanıstanın dövlət nümayəndələri üçün Bakıda seminar təşkil olunub
ADA Universitetində Azərbaycan hökuməti və NATO-nun həmtəşkilatçılığı ilə Əfqanıstanın dövlət nümayəndələri üçün “Silahlı qüvvələr üzərində mülki nəzarət” mövzusunda tədris planının hazırlanması üzrə işçi seminar təşkil edilib.
1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, seminar zamanı NATO-ya üzv ölkələrin və Azərbaycanın aidiyyəti dövlət qurumlarının ekspertləri tərəfindən Əfqanıstanın müdafiə və daxili işlər nazirliklərinin yüksək səviyyəli rəsmilərinə silahlı qüvvələr üzərində mülki nəzarət, mövcud təhdidlər və onların qarşısının alınması, bu xüsusda tədris planının hazırlanması, mövzu üzrə ölkələrin, o cümlədən Azərbaycanın təcrübəsi barədə mühazirələr oxunub.
2014-cü ildən etibarən Azərbaycan və NATO tərəfindən alyansın Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində birgə təşkil edilən bu seminar Əfqanıstanda idarəetmə təhsili və qurumlararası mübadilə sahələrinin inkişafı, eləcə də Əfqanıstan Müdafiə Nazirliyinin mülki islahatlar proqramı kontekstində bu ölkənin yüksək və orta səviyyəli nümayəndələrinin sözügedən sahədə təcrübə qazanmasına imkan yaratmaqla, Azərbaycanın Əfqanıstana qeyri-hərbi sahədə töhfəsinin bir nümunəsi hesab edilə bilər. Məlum olduğu kimi, Azərbaycan hazırda Əfqanıstanda NATO-nun rəhbərliyi altında həyata keçirilən Qətiyyətli Dəstək təlim, məsləhət və yardım əməliyyatında iştirak etmək etməklə, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verir. Həmçinin Azərbaycan ikitərəfli və çoxtərəfli formatlarda təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə Əfqanıstanda həyata keçirilən islahatlara dəstək verir.
1news.az