Cəbhə bölgəsində “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımıları” kitabının təqdimatı olub
Müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
1news.az-ın məlumatına görə, cəbhə bölgəsindəki hərbi hissələrin birində Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi olan “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımıları” kitabının təqdimatı olub.
Kitab haqqında ətraflı məlumat verən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani bildirib ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə bu dəyərli tədqiqat əsəri soyqırımı qurbanlarının xatirəsinə hörmət və ehtiramın təcəssümü olmaqla yanaşı, həm də zaman-zaman havadarlarından hərtərəfli kömək alan erməni cəlladlarının Azərbaycan və Şərqi Anadolu torpaqlarında türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımının dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.
Qeyd olunub ki, kitabda ermənilərin 1905-1906-cı illərdə Cənubi Qafqazda, 1917-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba qəzalarında, eləcə də Qarabağ, Zəngəzur bölgələrində, İrəvan quberniyasında türk-müsəlman əhalisinə qarşı törədilmiş kütləvi qırğınlar haqqında arxiv materiallarına əsaslanan ətraflı məlumat verilir. Burada 1940-1990-cı illərdə Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü deportasiya, etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti barədə də kifayət qədər araşdırma materialları oxuculara təqdim edilir.
Ümumiyyətlə, kitab şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik və düşmənə nifrət hissinin yüksəldilməsində qiymətli vasitədir.
Polkovnik-leytenant Seymur Həbibullahov, mayor Namiq Cavadov və başqaları kitab barədə fikirlərini bölüşüb, dəyərli əsərdəki məlumatların bütün bölmələrdə şəxsi heyətə çatdırılmasının əhəmiyyətindən danışıblar.
1news.az