BMT-nin baş katibi təmas xəttində dərhal gərginliyin azaldılması üçün addımlar atmağa çağırır
BMT-nin baş katibi Pan Gi Mun Ermənistan və Azərbaycan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin dərhal azaldılması üzrə tədbirlər görməyə çağırıb, bu barədə baş katibin bəyanatında bildirilir.
“Baş katib münaqişə tərəflərini hərbi əməliyyatlara dərhal son qoymağa, atəşkəs haqqında sazişə tam şəkildə əməl etməyə və dərhal gərginliyin azaldılması üçün addımlar atmağa çağırır", – deyə bəyanatda qeyd olunur.
Bildirilir ki, Pan Gi Mun ağır silahların tətbiq olunması və mülki əhali arasında da olmaqla çoxsaylı itkilər barədə məlumatlardan narahatdır.
Xatırladaq ki, hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb.
Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.
Müdafiə Nazirliyi bəyan edib ki, cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək və kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırır.
Bundan əlavə, Müdafiə Nazirliyi Ermənistanın bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yayılan məlumatlar kökündən yalandır, təxribat xarakterlidir və dezinformasiya məqsədi daşıyır.
1news.az