Fotomüxbir Tofiq Babayev Tərtərdən xəbər verir: “Atışmalar davam etsə də, sakinlər arasında heç bir təlaş yoxdur” - FOTO
“Bazar ertəsi, aprelin 4-də ön cəbhədə yerləşən Tərtər rayonunda vəziyyət nisbi olaraq sakitdir”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda hazırda Tərtərdə olan fotomüxbir Tofiq Babayev bildirib.
Onun sözlərinə görə, artilleriyaların güclü top atəşi daim eşidilməkdədir – ermənilər Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutur, bizimkilər də cavab atəşi göndərirlər.
“Şəhərdə hər şey normaldır, sakinlər öz evlərindədir. Mağazalar işləyir, əsasən kafe və restoranlar bağlıdır. Ermənilərdən azad olunmuş ərazilərə jurnalistlərin daxil olmasına hələ ki, icazə vermirlər. Azad olunmuş “Lələ təpə” yüksəkliyinin də şəkilini çəkmək hələ mənə nəsib olmayıb. Belə ki, atışmalar davam edir. Erməni mərmisi Qaraqoyunlu kəndində yerləşən evlərdən birinə düşüb. Rəsmi olaraq xəsarət alanlar barədə məlumat olmasa da, ev tamamilə dağılıb.
Qeyd etmək istərdim ki, yerli sakinlərin əhval-ruhiyyəsi yüksəkdir, burada heç bir təlaş yoxdur, lakin erməni tərəfinin atışmaları hələ də davam edir”, - T.Babayev qeyd edib.
1news.az
Aşağıda Tofiq Babayevin saytımızda dərc edilən işlərindən bir neçəsini təqdim edirik. Daha sonra fotomüxbirin ön cəbhədəki səfərindən tam foto-hesabatı nəzərinizə çatdıracağıq.