Təhsil naziri ermənilərin atəşi nəticəsində yaralanan məktəbli ilə görüşüb
Bu gün təhsil naziri Mikayıl Cabbarov Bərdə şəhərində vətəndaşları qəbul edib.
1news.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbuldan öncə nazir Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində yaralanaraq, Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan Seydimli kənd tam orta məktəbinin VII a sinif şagirdi Sənan Vəlizadəyə baş çəkib, onun vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanıb.
Təhsil naziri Ağdam, Tərtər və Füzuli rayon təhsil şöbələrinin müdirləri ilə görüşüb. Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində qeyd olunan rayonlarda zərər görmüş təhsil müəssisələri, bununla əlaqədar tədris prosesinin pozulması halları barədə nazirə məlumat verilib. Təhsil naziri düşmənin atəşi nəticəsində zərər görmüş təhsil müəssisələrinin qısa zamanda bərpa edilməsi məsələsinin diqqət mərkəzində olduğunu bildirib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında keçirilən qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.
1news.az