AZAL “Tour A Vent” turizm şirkəti ilə əməkdaşlıq haqqında razılığa gəlib
“Azərbaycan Hava Yolları” (AZAL) Mədəniyyət və Turizm Nazirliyinin Rusiya Federasiyasında rəsmi turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə edib.
1news.az-ın məlumatına görə, Bakıda keçirilən AITF-2016 turizm sərgisi çərçivəsində imzalanan müqaviləyə əsasən, turizm şirkətinə AZAL aviaşirkəti tərəfindən yerinə yetirilən Kazan-Bakı-Kazan müntəzəm reysində yer bloku ayrılacaq.
Bundan əlavə, aviaşirkət və turizm şirkəti Ulyanovsk hava limanından Bakıya çarter reyslərin yerinə yetirilməsini razılaşdırmışdırlar. Reyslər Embraer və ya Airbus hava gəmiləri ilə yerinə yetiriləcək.
“Mən çox şadam ki, bizim Rusiya regionlarındakı danışıqlarımız konkret nəticə verməyə başlayıb. AZAL aviaşirkəti Azərbaycana turistlərin cəlb edilməsi üçün xarici turizm şirkətlərinə yaxşı şərtlər təqdim etməyə hazırdır”- deyə, AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.
“Şirkətimizin əsas məqsədi Azərbaycan turizmini təbliğ və təşviq etməkdir. “Azərbaycan Hava Yolları” Rusiyanın müxtəlif regionlarına bir çox müntəzəm uçuşlar yerinə yetirir və mən əminəm ki, bizim sıx əməkdaşlığımız uzunmüddətli xarakter daşıyacaq”- deyə, “Tour A Vent” şirkətinin Volqayanı filialının baş direktoru Yuliya Uba qeyd edib.
1news.az