İlham Əliyev Dağlıq Qarabağ münaqişəsində gərginliyin azalmasını müsbət hal kimi qiymətləndirir
Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin ara-sıra pozulmasına baxmayaraq, ümumilikdə gərginlik azalıb.
“Səylər nəticəsində atəşkəs bərpa olunub, lakin buna hər zaman əməl olunmur. Ümumilikdə son günlər gərginliyin azalmasının şahidi oluruq, bunu da müsbət hal hesab edirik”, - RİA Novosti Prezident İlham Əliyevin Rusiyanın baş naziri D.Medvedevlə Bakıdakı görüşündən sitatlar gətitir.
Azərbaycanın dövlət başçısı münaqişənin BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquq və normalarına uyğun olaraq sülh yolu ilə həllini vurğulayıb.
Qeyd edək ki, aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi. Aprelin 5-də saat 12:00-dan etibarən təmas xəttində hərbi əməliyyatlar dayandırılıb.
İnterfaks-Azərbaycan agentliyinin məlumatına görə, Prezident İlham Əliyev D.Medvedevlə görüş zamanı qeyd edib ki, son günlər Ermənistanın təxribatları nəticəsində Azərbaycan ərazisində 400 ev dağıdılıb.
“Müntəzəm olaraq biz, erməni tərəfinin təxribatları ilə qarşılaşırıq və Azərbaycan cavab addımlarını atdı”, - deyən Prezident qeyd etdi ki, Bakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.
Prezident sözlərinə əlavə etdi ki, yaranmış vəziyyətlə əlaqədar Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. V.Putin də öz növbəsində bu mövzunu Ermənistan prezidenti ilə müzakirə edib. İlham Əliyev qeyd edib ki, Rusiya tərəfi iki ölkənin Baş Qərargah rəislərilə də əlaqə yaradıblar.
Həmçinin Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanla Rusiya strateji əməkdaşlıq mərhələsinə qədəm qoyublar, Rusiyanın baş nazirinin səfəri digər məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaradır.
“Günün əsas mövzusunu ölkələrimizin əməkdaşlığı, iqtisadi-ticarət əlaqələr, nəqliyyat və humanitar sahələr tutur. Ümumilikdə demək istərdim ki, ölkələrimiz arasındakı münasibət əla dostluq, səmimilik və qarşılıqlı hörməti nümayiş etdirir”, - İlham Əliyev sözlərinə əlavə edib.
1news.az
Mövzu ilə əlaqədar oxuyun:
Medvedev: “Ümid edirik ki, Qarabağda əldə olunan atəşkəs davamlı olacaq”