"Meliorasiya və Su Təsərrüfatı" ASC-də ciddi maliyyə pozuntuları aşkarlanıb
Ötən il Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nın Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair Vergilər Nazirliyi ilə birgə auditi aparılıb.
1news.az xəbər verir ki, “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədinə əsasən, audit nəticəsində müəyyən edilib ki, Cəmiyyətin Samur-Abşeron kanalı İstismar İdarəsi Vergilər Məcəlləsinin tələblərinə əməl etməyərək vergituma məqsədləri üçün mənfəət məbləği ümumilikdə 586,7 min manat, dövlət büdcəsinə ödənilməli olan ƏDV-ni isə 8,3 min manat azaldıb. Vergi tutulan əməliyyatların aparıldığı vaxt düzgün müəyyən edilmədiyi üçün 66,6 min manat ƏDV məbləği gec hesablanıb, bu isə hesablanan ƏDV məbləğlərinin dövlət büdcəsinə vaxtında ödənilməməsinə səbəb olub.
Sənədə əsasən, meliorasiya və irriqasiya tədbirləri üçün dövlət büdcəsindən ayrılan vəsaitin 1,580 mln. manatı həmin tədbirlərə deyil, əmtəəlik suyun nəqli üçün sərf edilən elektrik enerjisi haqqının ödənilməsinə xərclənib. Satılan suya görə debitor borcu 01.01.2012-ci il tarixə nisbətən 3,6 dəfə artaraq 01.01.2015-ci il tarixə 16,524 mln. manat olub. İdarənin mərkəzi anbarında 5,6 min manat dəyərində çatışmazlıq aşkar edilib. Kanala daxil olan və kanaldan istehlakçılara verilən suyun miqdarının ölçülməsi üçün müasir ölçü cihazları quraşdırılmayıb.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi, görülən işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib, həmin qərar icra üçün Vergilər Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə və Samur-Abşeron Kanalının İstismarı İdarəsinə göndərilib. Nəzarət tədbirinin nəticələri üzrə Milli Məclisə məlumat verilib.
Eyni zamanda Hesablama Palatasının Kollegiya qərarı ilə vergitutma məqsədləri üçün yaranan mənfəətin Vergi Məcəlləsinə əsasən 2011-ci ildə İdarənin gəlirindən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi ilə (zərərlə) kompensasiya edildiyi, ümumilikdə 5,6 min manat dəyərində malların maddi məsul şəxs tərəfindən alınaraq anbara təhvil verilməklə bərpa edildiyi nəzərə alınıb.
Cəmiyyətin Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən Hesablama Palatasına təqdim edilən məlumata əsasən, ümumilikdə 45,7 min manat məbləğində ƏDV-nin və tətbiq edilən, eləcə də hesabında əskik gəlmə aşkar olunan maddi məsul şəxsə müvafiq əmrlə töhmət elan edilib.
Eyni zamanda, Hesablama Palatasının Kollegiyasının müvafiq qərarına uyğun olaraq İdarəyə 8,3 min manat əlavə vergi məbləğinin hesablanması, 37,4 min manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması, hesablanan əlavə vəsaitlərin dövlət büdcəsinə ödənilməsinin təmin olunması göstərilib. Bundan əlavə, 1 əməkdaşa töhmət verildiyi bildirilib.
Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub və aprelin 15-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.
1news.az