Axısxa türkləri: “Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin tərəfdarıyıq”
“25 ildən artıqdır ki, müstəqil Azərbaycan Respublikasının əraziləri erməni işğalçıları tərəfindən zəbt edilmiş və hələ də Ermənistanın cinayətkar rəhbərliyinin təhriki ilə silahlı münaqişə davam edir”.
1news.az-ın verdiyi xəbərə görə, bu sözlər Azərbaycanda yaşayan Axısxa türklərinin yaydığı bəyanatda qeyd olunur.
Bəyanatı diqqətinizə çatdırırıq:
“Aprelin 2-dən başlayaraq cəbhə xəttində baş verən növbəti erməni təxribatları bölgəmizdə Ermənistanın destruktiv fəaliyyətinin və işğalçılıq siyasətinin iç üzünü bir daha dünyaya nümayiş etdirdi. Nəticədə Azərbaycan Ordusunun qətiyyətli və əzmkar əks zərbələri ilə düşmən öldürücü zərbə alaraq Azərbaycan dövlətinin və əsgərinin gücü qarşısında pərən-pərən oldu.
Bu təcavüz nəticəsində minlərlə günahsız insan həlak olmuş, bir milyondan artıq dinc Azərbaycan əhalisi öz tarixi torpaqlarından didərgin salınmış, Azərbaycanın tarixi abidələri və milli sərvətləri vəhşicəsinə məhv edilərək erməni vandalizminə məruz qalmışdır.
BMT Təhlükəsizlik Şurasının işğal altında olan Azərbaycan torpaqlarından erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, həmin qətnamələr hələ də icra olunmamışdır. ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar prosesi də nəticəsiz qalmışdır.
Biz, Azərbaycanda yaşayan Axısxa türkləri, belə hesab edirik ki, münaqişənin bu günədək həll olunmaması, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməməsi beynəlxalq təşkilatların laqeyd münasibətindən irəli gəlir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə biz Axısxa türkləri də hər zaman azərbaycanlı qardaşlarımız ilə birlikdə çiyin-çiyinə döyüşmüşük. Bunun nəticəsində onlarla Axısxa türkü qəhramancasına şəhid olmuş, onlardan biri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, bir çoxları orden və medallarla təltif edilmişdir.
Biz, Axısxa türkləri olaraq işğal altında olan torpaqların sülh yolu ilə azad olunmasının və Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin tərəfdarıyıq.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin siyasətini hər zaman dəstəkləyir və torpaqlarımızın düşmən tapdağından azad olunması üçün müqəddəs müharibədə hər an dövlətimizin yanında olduğumuzu bildiririk”.
İbrahim Məmmədov
Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri
1news.az