Zəminə Bayramova: Ukraynadakı dostlarımız Azərbaycanla həmrəy olduqlarını bildirirlər
Atəşkəs sazişinin Ermənistan tərəfindən pozulması ilə əlaqədar Dağlıq Qarabağ zonasında vəziyyətin kəskinləşməsi, insan tələfatı ilə nəticələnmiş gərginliyin eskalasiyası həm ölkəmizdə, həm də xaricdə yaşayan həmvətənlərimiz arasında haqlı hiddət doğurub.
Bununla bərabər, Ermənistanın cəbhə xəttində sonuncu provokasiyaları gənclərimizdə vətənpərvərlik hissinin görünməmiş vüsət almasına səbəb olub.
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri Dnepropetrovsk vilayətindəki “Azərbaycan-Ukrayna Gənclər İttifaqı” İctimai Təşkilatının başçısı Zəminə Bayramovadan Dağlıq Qarabağdakı son hadisələrlə bağlı mövqeyini bildirməsini xahiş edib.
Z.Bayramova deyib: “Son həftə təşkilatımız ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağdan və ətraf yeddi rayondan xəbərləri diqqətlə izləyib. Vurğulamaq istəyirəm ki, Ermənistan silahlı qüvvələri hələ də minomyotlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edərək, atəşkəs rejimini, demək olar, hər gün pozur. Bu, istər Dnepropetrovskun regional KİV-lərində, istərsə də ictimaiyyət, siyasətçilər, şəhər sakinləri arasında aktual mövzuya çevrilib. Azərbaycanın öz torpaqlarını erməni təcavüzkarlarından müdafiə etməsi və əzəli torpaqlarımızın işğaldan azad edilməsi Vətənimizin hüdudlarından kənarda, o cümlədən Ukraynanın Dnepropetrovsk şəhərində yaşayan Azərbaycan gənclərinin diqqət mərkəzindədir.
Z.Bayramova bildirib ki, 25 ildən çoxdur ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır və buna görə də biz hamımız Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası üzrə ədalətli siyasətini yekdilliklə dəstəkləyirik. Ukraynalı həmkarlarımızın və dostlarımızın çoxu dövlətimizin ərazisində hərbi əməliyyatların bu yaxınlardakı eskalasiyası ilə əlaqədar Azərbaycanla həmrəy olduqlarını bildirirlər.
Bu günlərdə təşkilatımızın əsas məqsədlərdən biri düşmənlə informasiya müharibəsində Azərbaycanın addımlarını maksimum dəstəkləmək, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizəsi haqqında doğru-dürüst faktlar yaymaqdır.
Biz fəxr edirik ki, xalqımızın döyüş ruhu, vətənpərvərliyi və erməni işğalçılarını torpaqlarımızdan qovub–çıxarmaq əzmi var.