Türkiyənin Gömrük və Ticarət Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir - FOTO
Aprelin 11-də Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyinin müstəşar müavini Rəmzi Akçinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
1news.az-ın Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, nümayəndə heyəti öncə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcədə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüb. Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını, həmçinin şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.
Sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev nümayəndə heyətini qəbul edib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qonaqları salamlayaraq qardaş Türkiyə Respublikasının nümayəndə heyətini Bakıda görməkdən məmnun olduğunu bildirib. Komitə sədri iki ölkə arasındakı əlaqələrin bütün sahələr üzrə daim yüksək səviyyədə olduğunu, münasibətlərin formalaşmasında gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. A.Əliyev müstəqil Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna nəzər salaraq, gömrük sistemində baş verən böyük uğurların məhz ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olduğunu, bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişaf perspektivlərinə toxunan Komitə sədri bu əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsinin vacib olduğunu bildirib. Aydın Əliyev Türkiyə gömrük xidmətinin risk analizləri sahəsində əldə etdiyi təcrübənin nümunə olduğunu və bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin ölkəmizin gömrük orqanlarına fayda verəcəyini diqqətə çatdırıb.
Öz növbəsində, Azərbaycana səfərindən məmnunluq duyduğunu ifadə edən Türkiyə Respublikasının Gömrük və Ticarət Naziriliyinin müstəşar müavini Rəmzi Akçinilk dəfə Azərbaycanda olduğunu bildirib və Bakının füsunkar gözəlliyindən məmnunluqla söhbət açıb. Ulu öndər Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” kəlamını xatırladan türkiyəli qonaq ölkəsinin bütün sahələrdə Azərbaycana dəstək verdiyini və qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Rəmzi Akçin xüsusilə gömrük işinin təşkilində proqram təminatı sahəsində Azərbaycanın təcrübəsi ilə tanış olmaq və bu təcrübədən faydalanmaq istədiklərini diqqətə çatdırıb.
Daha sonra nümayəndə heyətinin üzvləri Hədəf mərkəzində gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələrlə, Dövlət Gömrük Komitəsinin Hospitalı ilə tanış olublar.
1news.az