Hikmət Hacıyev: “Nəhayət ki, Ermənistan məsuliyyət daşıdığı Cenevrə konvensiyaları və beynəlxalq vasitələrin mövcudluğunu dərk edib”
“Nəhayət ki, rəsmi İrəvan Ermənistanın məsuliyyət daşıdığı Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüquq adlı beynəlxalq vasitələrin mövcudluğunu dərk edib”.
1news.az-ın verdiyi xəbərə görə, bunu Ermənistan XİN və Müdafiə Nazirliyinin Cenevrə konvensiyalarının pozulması barəsində açıqlamasına münasibətdə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal olunmuş ərazilərimizdə mülki Azərbaycan əhalisinə qarşı törətdiyi qanlı etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, azərbaycanlı əsir və girovların işgəncələrə məruz qoyulması, öldürülüməsi və kütləvi məzarlıqlarda basdırılması və digər bu kimi hərbi və insanlıq əleyhinə cinayət və soyqırım əməlləri dəlillər və şahidlərin ifadələri əsasında sənədləşdirilib və beynəlxalq təşkilatlara təqdim edilib. Bu əməlləri törətməklə, Ermənistan tərəfindən bir dövlət olaraq, Cenevrə konvensiyaları, mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt, iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya, bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə konvensiya, işgəncələr əleyhinə konvensiya və silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və digər beynəlxalq sənədlər üzrə öz üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulub.
Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan əhalisinin hədəfə alınması, öldürülməsi və yaralanması halları daimi olaraq davam edib.
Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti ehtiva edən cinayət əməllərinə adekvat münasibətin bildirilməməsi və cinayətkarların vaxtında cəzalandırılmaması yeni cinayətlərin törədilməsinə rəvac verib.
Belə ki, 2016-cı ilin 2 aprel tarixində isə səhər erkən saatlardan başlayaraq Ermənistan cəbhə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə bərabər tutulan əməllərini törədib. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı artilleriya və digər ağır atəş vasitələrindən qəsdən, sistematik və hədəflənən hücumlar edib.
Məlumat verildiyi kimi 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla, 6 mülki şəxs həlak olmuş, 26 şəxs ağır yaralanıb.. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəymişdir. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılmışdır. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilmişdir. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub. Ermənistanın cinayət əməlləri nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi istiqamətində davam etdirilir.
Bu əməllərə görə öz məsuliyyətini gizlətmək üçün Ermənistan tərəfindən qurma ölüm səhnələri düzəldilir, saxta foto və video materiallar və dezinformasiya xarakterli məlumatlar yayılır.
Bütün bu cinayətlər, o cümlədən 2 aprel tarixindən başlayaraq törədilən əməllər barəsində dövlət olaraq Ermənistan və bu gün onun siyasi-hərbi rəhbərliyində olan şəxslərin fərdi məsuliyyəti haqqında beynəlxalq ictimaiyyətin və aidiyyəti təşkilatların məlumatlandırılması davam etdiriləcək və zəruri beynəlxalq hüquqi addımlar atılacaqdır”.
1news.az