Federika Mogerini: “Dağlıq Qarabağda baş verən hadisələr uzanan münaqişənin nə qədər təhlükəli olduğunu göstərir"
“Dağlıq Qarabağ münaqişəsi həm münaqişə tərəflərinin, həm də bütün regionun inkişafına maneə yaradır. Cənubi Qafqaz Avropanın böhranlı regionudur”.
1news.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin plenar sessiyasında Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Aİ-nin Federika Mogerini deyib.
Mogerini ötən ay Ermənistan və Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin onun diqqət mərkəzimdə olduğunu qeyd edib: “Sonuncu dəfə bu məsələ 2011-ci ildə plenar iclasda müzakirə olunub. İndi bu məsələni müzakirə etmək çox faydalı olacaq, çünki Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir”.
Onun sözlərinə görə, Avropa, Asiya və Yaxın Şərqin qovşağında yerləşən Cənubi Qafqaz regionu böyük inkişaf potensialına malik olmaqla yanaşı, qeyri-stabillik və müharibə mənbəyidir: “Geniş miqyası münaqişə heç kimin maraqlarına xidmət etmir, və yaxşı nəticələrə aparıb çıxarmayacaq. Son günlər baş vermiş gərginlik barədə, ağır döyüş silahlarından istifadə və mülki vətəndaşlar arasında itkilərin olması barədə məlumatımız var. Bakıda və İrəvandakı bəyanatlar da açıq aydın göstərir ki, vəziyyət təhlükəlidir”.
Federika Mogerini aprelin 2-də tərəfləri dərhal atəşkəs rejiminə əməl etməyə, təmkinlik nümayiş etdirməyə çağırdığını bildirib: “Mən şəxsən özüm hər iki ölkənin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda konstruktiv danışıqlar aparmışam. Və yaxın günlərdə, yaxın həftələrdə yenə əlaqə saxlayacağam və bizim xüsusi nümayəndəmiz bu həftə regiona səfər edəcək. Vəziyyətin gərginləşməsi bir daha açıq-aydın göstərir ki, münaqişənin hərbi yolla həlli yoxdur. Xüsusən də dinc əhalinin hədəfə alınması dayandırılmalıdır.
Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi status-kvonun qəbuledilməz olduğunu qeyd edib: “Status-kvonun saxlanılmasını davam etdirmək olmaz. Lazım olan yol siyasi həldir və bizim niyyətimiz - tərəflər arasında danışıqları bərpa etməkdir. Avropa ittifaqı münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təklif edilən Madrid prinsipləri əsasında həll olunmasını dəstəkləyir. Nəticə etibarilə, bilirik ki, həll münaqişə tərəflərinin əlindədir. Avropa İttifaqı münaqişənin həlli istiqamətində bütün addımları dəstəkləyir”, -deyə Mogerini qeyd edib.
Trend