Çexiyada Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat verilib
Çexiyada fəaliyyət göstərən “Azərbaycan Tələbə Şəbəkəsi” Çexiyanın ikinci ən böyük şəhəri olan Brno şəhərində yerləşən Mendel Universitetində “Avropa İttifaqında Böhran” mövzusunda konfrans keçirib.
1news.az-ın məlumatına görə, konfrans Çexiyanın sabiq prezidenti Vatslav Klausun nüfuzlu “Vətəndaş Demokratlar Partiyası” (ODS) ilə birgə təşkil olunub. Tədbirdə yerli siyasi xadimlər, partiya üzvləri, universitet müəllimləri və tələbələri – ümumilikdə 220 nəfərdən artıq nümayəndə iştirak edib.
Konfransı Mendel Universitetinin dekanı, professor Libor Grega açaraq konfransın məqsəd və məramı barədə qısa məlumat verib, mövzunun aktuallığını vurğulayıb.
ODS partiyasının sədri, Masarik Universitetinin sabiq rektoru, professor Petr Fialaya hazırda Avropa İttifaqına üzv olan ölkələrə qarşı diktat meyllərinin artmasını, xüsusən bu qurumun rəhbərliyinin qaçqınlar və təhlükəsizliklə bağlı siyasətini tənqid edib.
“İndiki böhran İttifaqda Şimal və Cənub arasında uzun müddətdir davam edən böyük struktur fərqlərini üzə çıxardı. Böhranın əsas səbəbi isə budur ki, Avropanı böyük bir superdövlət kimi görmək istəyənlər onun işlək funksional strukturunu qurmayıb və buna görə onun təməli pis bünövrə üzərində inşa olunub”- deyən partiya sədri bu cür siyasətin Avropa İttifaqını sona gətirə biləcəyini qeyd edib.
Prezident Klausun oğlu Vatslav Klaus Çexiyanın və ümumiyyətlə Avropanın təhsil sistemində yaranan böhrandan danışıb. Onun fikrinə görə Avropa ölkələrində, və o cümlədən Çexiyada, təhsil alan şəxslərin sayı həddindən çoxdur və həmdə təhsil prosesi iş bazarının tələbləri ilə uzlaşmır. Öz çıxışında natiq Avropa İttifaqının sədri Martin Şultsa da toxunub və vurğulayıb ki, Şults bəzi hallarda səsvermələr zamanı manipulyasialara əl atır. Deyilənə misal olaraq, onun öz təqdimatı zamanı yaydığı şəkli və “Siz düzgün səs verənədək səs verməli olacaqsınız” sitatı da göstərilib.
Sonra “ EURO ” jurnalının redaktoru, Petr Pur çıxış edib. “ Bizə Avropa Komissiyası söz verəndə ki, kiçik ölkələrin səsi nəzərə alınacaq - həqiqəti söyləmirdi. Sonda gördük ki, bizim səslərimizi qətiyyən eşidən yoxdur”.
P.Pur Brüseldə jurnalistlərə göstərilən təzyiqlərdən də danışıb:
“Brüseldə elə mövzular var ki, onların haqqında jurnalist açıq yazsa sonra onu qara siyahıya salırlar və artıq heç bir vacib toplantıya o, dəvət olunmur”.
ASN-in Çexiya ofisinin rəhbəri Eldar Vəliyev də çıxış edərək ilk öncə qaçqın böhranına toxunub, Azərbaycanın artıq 19-cu əsrin əvvəllərində bir neçə yüz alman ailəsini miqrant kimi qəbul etdiyini söyləyib. Ümumiyyətlə, çətin vəziyyətə düşən insanlara ölkəmizin həmişə qucaq açdığı vurğulanıb.
“Bu gün də Azərbaycanın multikulturalizm və tolerantlıq diyarıdır. Ölkəmiz bu sahədə bir nümunə kimi göstərilə bilər, ona görə ki, burada sünnilər və şiələr, yəhudilər və xristianlar dostluq və sülh şəraitində yaşayırlar. Lakin erməni təcavüzü nəticəsində hazırda ölkəmiz 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün olduğu bir ölkədir ”- deyə, E.Vəliyev bildirib.
Azərbaycanın bütün beynəlxalq aləm tərəfindən tanınan ərazisinin böyük bir hissəsinin 20 ildən artıq işğal altında qalması və Avropa təsisatlarının isə bu vəziyyətə ikili standartlar prizmasından yanaşması diqqətə çatdırılıb.
E. Vəliyev həm də Qarabağdakı son hadisələr və Ermənistanın BMT təhlükəsizlik Şurasının tələblərini belə vecinə almadığı barədə auditoriyaya məlumat verib.
1news.az