Azərbaycanın Mərakeş Krallığındakı səfiri ilə Mərakeş Milli Kitabxanasının direktoru arasında görüş keçirilmişdir

2025-ci il sentyabrın 3-də Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədovla Mərakeş Milli Kitabxanasının direktoru xanım Samirə Əl Malizi arasında görüş keçirilmişdir.
Görüş zamanı Azərbaycanla Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlığın artmaqda olduğu məmnuniyyətlə qeyd olunmuş, hər iki ölkədə keçirilən mədəni tədbirlərdə qarşılıqlı iştirakın təqdirəlayiq olduğuna və bunun daha da təşviq edilməsinin vacibliyinə xüsusi vurğu edilmişdir. Bu kontekstdə, Mərakeş Milli Kitabxanasının direktoru S.Əl Malizinin Azərbaycan tərəfinin dəvətini qəbul edərək cari ilin 1-7 oktyabr tarixlərində Bakıda keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab sərgisində iştirak məqsədilə ölkəmizə səfərinə görə qarşı tərəfə təşəkkür bildirilmişdir. Bu səfərin iki ölkənin mədəniyyət müəssisələri arasında təmaslar və birgə əməkdaşlığa töhvə verəcəyinə ümid ifadə edilmişdir.
Xanım S.Əl Malizi öz növbəsində, ölkəmizə səfər edəcəyindən məmnun olduğunu, Mərakeş tərəfindən bu ölkənin zəngin mədəniyyətini əks etdirən kitabların və əlyazmaların Azərbaycan Milli Kitabxanasına təqdim ediləcəyini bildirmişdir. O, həmçinin, növbəti Rabat Beynəlxalq Kitab Sərgisində Azərbaycandan nümayəndə heyətinin iştirakını gözlədiklərini əlavə etmişdir. Mərakeş Milli Kitabxanasının rəhbəri həmçinin, Kitabxanada Azərbaycanla bağlı mövcud olan müxtəlif kitablardan ibarət kolleksiyanın sayının artırılması məqsədilə yeni kitabların Kitabxanaya hədiyyə edilməsini təşviq etməyə hazır olduqlarını da ifadə etmişdir.
.jpeg)

